Dekabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Rəsmi məlumata görə, konfransda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmək bazarında özünü göstərən proseslərdən bəhs edərək məşğulluq sahəsində ortaya çıxan çağırışların, o cümlədən əmək qabiliyyətli əhalinin əmək bazarının tələblərinə uyğunlaşdırılması çağırışının aktuallıq kəsb etdiyini bildirib: “Azərbaycanın əmək qanunvericiliyinə əsasən, əmək müqaviləsi 15 yaşına çatmış fiziki şəxslərlə bağlana bilər. Gənclərin əhali strukturunda yüksək payı əmək qabiliyyətli yaşda olanların xüsusi çəkisini artırıb. 2006-2016-cı illər ərzində Azərbaycanda əhalinin orta illik artım tempi 1,3 faizə yaxın olub. Həmin dövrdə ölkəmizdə əhalinin sayı 14,7 faiz artaraq 1 noyabr 2017-ci ilə 9 milyon 883,3 min nəfərə çatıb”.
Yaş strukturu baxımından Azərbaycan əhalisinin cavan olduğunu və orta yaşın 32,3 yaş təşkil etdiyini bildirən Müslümov qeyd edib ki, 1 yanvar 2017-ci ilə əhalinin yaş strukturunda 0-14 yaş qrupunun payı 22,6 faiz, 14-29 yaş qrupunun payı 25 faiz, 30-64 yaş qrupunun payı 46,1 faiz, 65 və yuxarı yaş qrupunun payı isə 6,3 faiz olub: “Gənclərin əhalinin strukturundakı yüksək payı əmək qabiliyyətli yaşda olan əhalinin (15 yaşdan pensiya yaşına qədər) xüsusi çəkisinin artmasını şərtləndirib. Bu göstərici 2000-ci ildəki 59,5 faizdən 2017-ci ilin əvvəlinə 68,4 faizə yüksəlib. Əmək qabiliyyətli yaşda əhalinin artması işçi qüvvəsinin təklifini artırmaqla yeni iş yerlərinə olan ehtiyacı gücləndirir”.
Nazir diqqətə çatdırıb ki, 2005-2016-cı illər ərzində məşğul əhalinin sayı 17,2 faiz artıb: “2003-2017-ci illərdə ölkədə 74 faizi və ya 1,4 milyonu daimi olan 1,9 milyon yeni iş yeri açılıb. 2025-ci ilə qədər ÜDM-də 3 faizdən çox orta illik real artım və əlavə olaraq da 450 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur”.
Nazirin hesablamasına görə, 2017-2025-ci illərdə 18 yaşda olanların, yəni müvafiq olaraq 1999-2007-ci illərdə anadan olanların ümumi sayı 1 milyon 127,2 min nəfər, orta hesabla illik sayı isə 125,2 min nəfər təşkil edir: “Hər il əmək bazarına ilk dəfə işaxtaran kimi daxil olan gənc yaşda əhalinin sayının çox olması (orta hesabla il ərzində 100 min nəfər) və bacarıqlarının əmək bazarının tələblərinə cavab verməməsi qarşıdakı illərdə gənclərin məşğulluğunun təmin edilməsi sahəsində tədbirlərin daha da gücləndirilməsini şərtləndirir. Ümumilikdə yaranacaq izafi işçi qüvvəsinin məşğulluğunun təmin edilməsi əsas vəzifələrdən biri kimi qarşıda dayanır”.
Nazir dünya təcrübəsində mövcud olan 4 əsas məşğulluq siyasəti modeli – əmək məhsuldarlığının artması şəraitində məşğul əhalinin sayının azalması ilə səciyyəvi olan Avropa modeli, əməkhaqqının orta məbləğinə uyğun dövlət sektorunda iş yerlərinin açılması yolu ilə məşğulluğun təmin edilməsini nəzərdə tutan Skandinaviya (İsveç) modeli, iqtisadi fəal əhalinin əhəmiyyətli hissəsi üçün elə də yüksək olmayan məhsuldarlıqlı və ödənişli iş yerlərinin yaradılmasını hədəfləyən Amerika modeli və ömürlük muzdlu iş sistemi və əməkhaqqı səviyyəsinin iş stajı, yaş, ailə tərkibindən asılılığı ilə səciyyəvi olan Yaponiya modeli barədə məlumat verib.
Müslümov diqqətə çatdırıb ki, sistemli təhlil apardıqda Azərbaycanda başlıca olaraq Amerika modelinin İsveç modeli ilə kombinə edilmiş variantının tətbiq edildiyi aydın olur: “İqtisadiyyatın şaxələndirilməsi prosesinin davam edəcəyi, əsas çağırışlardan birinin əməkqabiliyyətli əhalinin yüksək əmək məhsuldarlıqlı iş yerləri ilə təmin edilməsini şərtləndirdiyi, 1,7 milyon nəfərin, yaxud məşğul əhalinin 36,3 faizinin fəaliyyət göstərdiyi kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi ilə həmin məşğul əhalinin sayının azalmasının baş verəcəyi və sair amillər nəzərə alınmaqla növbəti 10 illik inkişaf mərhələsində də Azərbaycanda mövcud məşğulluq modelinin davam etdirilməsi məqsədəuyğun olar”.