Dekabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Bələdiyyələrin statusu haqqında” qanunlarda dəyişiklik layihələrinə baxılıb.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, qəbiristanlıqların yerləşdiyi bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilməyəcək.
Təklifə görə, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.
“Bələdiyyələrin statusu haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçiriləcək.
Müzakirələrdən sonra hər iki layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbəri AZƏRTAC yayıb.