Dekabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin və Respublika Seysmoloji Xidmət Mərkəzinin birgə iclası keçirilib. Science.gov.az-ın məlumatına görə, iclasda çıxış edən Seysmoloji Xidmət Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli 2017-ci ildə ölkədə zəlzələlərin sayının ötən ilə nisbətən azaldığını, ayrılan seysmik enerjinin miqdarının artdığını deyib. O, hesabat dövründə 8934 yeraltı təkanın qeydə alındığını, zəlzələlərin 3642-nin yerli, 2087-nin yaxın, 3205-nin uzaq zəlzələlər olduğunu qeyd edib.
Qurban Yetirmişli hesabat dövründə ən güclü zəlzələnin noyabrın 15-də Ağdam ərazisində (5,7 bal) baş verdiyini bildirib.
Alim son illər Kür ovalığının cənub hissəsinin seysmik cəhətdən aktivləşdiyini, zəlzələlərin Kiçik Qafqaz və Kür ovalığının toqquşması və sıxılması nəticəsində baş verdiyini vurğulayıb: “2017-ci ildə 2016-cı ilə nisbətən şimal-qərb bölgəsində, Şamaxı-İsmayıllı zonasında, Naxçıvanla həmsərhəd ərazilərdə, Zəngəzur silsiləsində və Xəzər dənizində seysmik aktivlik fon səviyyəsindən aşağı, Kiçik Qafqazda fon səviyyəsində, Talış zonasında isə fon səviyyəsindən yüksək olub”.