Respublikaçı Alternativ (REAL) Hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlı dekabrın 18-də Novator.az-a danışıb.
Partiyaya çevrilmək qərarı verən REAL Hərəkatı təsis qurultayı keçirə bilmir. Tədbir oktyabr ayından Bakı meriyasının, başqa dövlət təşkilatlarının və özəl qurumların yer ayırmaması səbəbindən baş tutmayıb. Dekabrın 17-si Müsavat Partiyasının mərkəzi qərargahında keçirilməli olan qurultay isə təzyiqlərə görə təxirə düşüb. Ötən həftə Əmlak Məsələləri Dövlət Komitəsi Müsavatı qərargahı əlindən almaqla hədələyib, partiya başqanı Arif Hacılı isə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində bununla bağlı sorğu-sual edilib. Bundan sonra REAL qurultayı təxirə salıb.
Novator.az-a açıqlama verən Azər Qasımlı REAL-ın təsis qurultayının mütləq baş tutacağını qeyd edib. Təşkilat rəsmisi bunun üçün qanunvericiliyə zidd olmayan mümkün variantlardan istifadə edəcəklərini deyib: “Yer və vaxt təyinatı üzərində müzakirələr gedir. Qeyri-adi, fərqli, lakin qanuni üsullardan istifadə edə bilərik. Detalları hələlik açıqlamaq istəmirik”.
Azər Qasımlı qurultaya yaradılan maneələri belə izah edib: “Hakimiyyət REAL-ın partiya olmasını istəmir. Yəni ölkənin keçmişi ilə deyil, gələcəyi ilə əlaqəsi olan müasir siyasi partiyanın yaranmasını arzulamır. Biz hakimiyyətin illərlə qurduğu siyasi sistemə uyğun deyilik. Bu siyasi sistemə əsasən 1990-cı illərdə yaranan, bir qismi hakimiyyətdə olmuş siyasi partiyalar daxildir. Hakimiyyət həmin qurumları tənqid edə, dəyişmədiklərini, müasir dövrə uyğun olmadıqlarını bəyan edə bilir. REAL isə yeni bir təşkilatdır və ona qarşı belə təbliğat aparmaq çətindir. Hakimiyyət bunu görür və anlayır, indidən gələcəyin daxili siyasi çərçivəsini, konstruksiyasını qurur. REAL bu konstruksiyaya heç cür uyğun gəlmir.
Bu gün hansı rəsmi təbliğatın aparıldığına baxın. Hakimiyyətin profili dəyişir. Yeni nəsil, korrupsiyaya bulaşmamış cavanların təbliğatı aparılır. Halbuki REAL elə reallıqda budur. Əslində elə bizim ideyamızı oğurlamaq istəyirlər. Ona görə də REAL-ın partiyaya çevrilməsi və siyasi iddia ortaya qoyması hakimiyyət üçün arzuolunmazdır.
İkinci səbəb isə təşkilatın lideri İlqar Məmmədovdur. Qurultayda İlqar Məmmədovun həm partiya lideri, həm də prezident seçkisində REAL-ın namizədi olması məsələsi səsverməyə qoyulacaq. Hakimiyyət Avropa Şurası ilə problemlərin yaşandığı bir dönəmdə İlqar Məmmədovun siyasi reytinq qazandığını görür, onun siyasi və alternativ opponent kimi güclənməsini istəmir. Odur ki, nəyin bahasına olur-olsun qurultayın keçirilməsinə maneə yaradılır”.
Azər Qasımlı ölkədə fəaliyyət göstərən səfirliklərin təşkilatın üzləşdiyi problemlərlə müntəzəm maraqlandığını deyib: “Bu məsələ onlarla daim müzakirə edilir. Vəziyyəti bilirlər, yaxşı başa düşürlər. Bir daha gördülər ki, Azərbaycanda həm REAL-a qarşı bu qədər təqiblər var, həm də ölkədə siyasi fəaliyyət üçün normal imkanlar mövcud deyil. Hakimiyyət özünə yeni siyasi çərçivə qurmaq istəyir və burada REAL yoxdur. Biz isə varıq və heç hara yox olmamışıq”.
REAL-ın lideri İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılıb, amma o, həbsdə qalıb. 2017-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün tədbir görməyə səsləyən qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığı üçün onu azad etmədiyini bildirib. Bu cavabdan sonra, dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə qərar qəbul edərək İlqar Məmmədovla bağlı qərarların icra olunub-olunmadığını öyrənmək üçün Avropa Məhkəməsinə sorğu göndərib.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Ötən həftə Avropa Şurasının Nazirlər Komitəsinin 5 dekabr qərarı üzrə ilk addımlar atılıb. Nazirlər Komitəsinin sorğusu dekabrın 11-də Avropa İnsan Hüquqları Məhkəməsinə daxil olub. Məhkəmə dekabrın 14-də açıqlama yayaraq bildirib ki, sorğu ilə bağlı icraat Böyük Palataya, yəni ən ali quruma verilib.
Açıqlamaya əsasən, Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova məsələ ilə bağlı yazılı münasibət bildirmələri üçün müraciət olunacaq.
Məhkəmə məsələ üzrə açıq dinləmənin keçirilməsi barədə qərar verə bilər. Böyük Palata İlqar Məmmədovun işində öhdəliyin pozuntusunu tanıyarsa, sənədlər Nazirlər Komitəsinə tədbirlər (sanksiyalar) görməsi üçün geri qaytarılacaq.