“Azərbaycan güclü idman dövlətidir”. Dekabrın 18-i Milli Olimpiya Komitəsində, 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev belə deyib.
Prezident qeyd edib ki, Azərbaycan idmançıları bu il bütün beynəlxalq yarışlarda 851 medal qazanıblar, onlardan 347-si qızıl medaldır: “Bu il bir çox idman qələbəmiz olub. Onların arasında bir neçə hadisəni qeyd etmək istərdim. Bizim şahmatçılarımız üçüncü dəfə Avropa çempionu olublar. Bu, böyük qələbədir, böyük nəticədir. Bu nəticə onu göstərir ki, bizim idmançılarımız həm döyüş, həm komanda, həm intellektual idman növlərində ən yüksək pilləyə qalxırlar. Şahmat üzrə Avropa çempionatında birinci olmaq doğrudan da böyük nailiyyətdir, böyük qələbədir.
Bu il bizim iki idmançımız – Məmmədrəsul Məcidov və Hacı Əliyev boks və sərbəst güləş üzrə üçqat dünya çempionu olublar. Bu da tarixi qələbədir. Olimpiya idman növündə üçqat dünya çempionu olmaq böyük uğurdur, böyük qələbədir.
Azərbaycan idman məktəbinin yetirməsi – azərbaycanlı idmançı Ramil Quliyev bu il ilk dəfə olaraq yüngül atletika üzrə dünya çempionu olub. Bu da tarixi qələbədir.
Komanda idman növlərində də idmançılarımız çox yaxşı nəticələr göstəriblər. Bakıda keçirilmiş voleybol üzrə Avropa çempionatında voleybolçu qızlarımız dördüncü yerə layiq görüldülər. Onlar hətta medal qazanmağa da çox yaxın idilər.
Bizim futbolçularımız – hamımız üçün doğma olan “Qarabağ” komandası tarixdə ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində iştirak edib. Bu, Azərbaycan futbolunun böyük qələbəsidir və komanda ölkəmizi, xalqımızı, Qarabağı bu oyunlarda ləyaqətlə təmsil edib.
Mən xatırlayıram, biz Olimpiya Stadionunu inşa edərkən bəzi fikirlər səslənirdi ki, bu qədər böyük arena bəlkə də bizə lazım deyil, Tofiq Bəhramov adına 30 minlik stadionumuz, digər stadionlarımız var və bu arena heç vaxt dolmayacaq. Ancaq bu gün həyat göstərir ki, “Qarabağ” futbol klubunun oyunlarına 60 mindən çox tamaşaçı gəlmişdi. Bu gün Bakı Olimpiya Stadionu dünya miqyasında seçilən olimpiya stadionlarından biridir. Təsadüfi deyil ki, UEFA Avropa Liqasının final görüşü də bir neçə ildən sonra bu stadionda keçiriləcək. Eyni zamanda futbol üzə Avropa çempionatının bir neçə oyunu da bu stadionda keçiriləcək”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan sözün əsl mənasında güclü idman dövlətidir: “Əminəm ki, idmançılarımız bundan sonra da bizi qələbələrlə sevindirəcəklər. Azərbaycanda idmanın inkişafına çox böyük diqqət göstərilir, dövlət siyasəti aparılır, idmanın maddi-texniki bazası möhkəmləndirilir. Bakının idman qurğuları dünyanın ən yüksək standartlarına cavab verir. Bölgələrdə də olimpiya idman mərkəzlərinin tikintisi davam etdirilir. Bu il Abşeron və Ağcabədi rayonlarında iki gözəl Olimpiya İdman Mərkəzi yaradılıb. Gələn il dövlət büdcəsində bölgələrdə üç mərkəzin tikintisi nəzərdə tutulub. Onlardan biri istifadəyə veriləcək, ikisində isə tikinti gedəcək. Ondan sonrakı illərdə də biz bu siyasəti davam etdirəcəyik. Bu günə qədər bölgələrdə 43 olimpiya idman mərkəzi yaradılıb, bunlar gənclər, idmançılar, rayon sakinləri üçün çox gözəl imkanlar verir”.