Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıt şəhərinə səfər edib, Bayraq Muzeyinin açılışına qatılıb.
AZƏRTAC xəbər verir ki, sonra Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olan dövlət başçısı yeni müəssisələrin təməl və açılış mərasimlərində iştirak edib.
Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,64 hektardır. Ərazidə infrastrukturun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. İnzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.
Parkın rezidenti olan “STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir.
“SOCAR Polimer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında “Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. Burada il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetikada istifadə olunan müxtəlif növ yüksək keyfiyyətli 30 min ton sürtgü yağlarının istehsalı nəzərdə tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.
“MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.
“Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İtaliya texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.
Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq.
“Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək.
“Tabaterra” Qapalı Səhmdar Cəmiyyətində isə ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub.
İlham Əliyev Sumqayıt “Gilan Sənaye Qrupu”na daxil olan “Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak edib.
Prezident parkın ərazisində “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışına da qatılıb, müəssisənin kollektivi ilə görüşüb.
Sonra İlham Əliyev Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Dövlət başçısının Lüdviqşafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olduğu da bildirilir.