“Valyuta ehtiyatlarımız artır, maliyyə vəziyyətimiz çox sabitdir”. Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olandan sonra çıxışında belə deyib.
Dövlət başçısı qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür: “Bu ərazidə dövlət bütün lazımi tədbirləri görüb. Beş yüz hektar sahədə bütün kommunikasiya, rabitə, nəqliyyat, bir sözlə, bütün infrastruktur layihələri icra olunub. Özəl sektor isə öz növbəsində ölkəmiz üçün vacib olan sahələrə investisiya qoyuluşunu təmin edib. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur.
Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın. Bu gün böyük şüşə zavodunun təməli qoyuldu. Bu zavod fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq. Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq.
Siz bilirsiniz ki, biz son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstəririk və artıq qısa müddət ərzində on xalça fabriki açılıb. Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik.
Bu gün eyni zamanda siqaret fabrikinin təməli qoyulub. Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır.
Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə – növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik”.
Prezident deyib ki, Sumqayıt Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir: “Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir – həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik”.
İlham Əliyev 2017-ci ilin uğurla başa çatdığını vurğulayıb: “On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıb. Budur əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir”.
Xəbəri AZƏRTAC yayıb.