Əmlak Məsələləri Dövlət Komitəsi Müsavat Partiyasına xəbərdarlıq edib.
Komitə sədrinin müavini Rafiq Cəlilovun imzaladığı xəbərdarlıq məktubu partiyaya dekabrın 14-də təqdim olunub.
Müsavat başqanının müavini Gülağa Aslanlının Bastainfo.com-a verdiyi məlumata görə, məktubda partiyaya müqavilə əsasında icarəyə götürdüyü qərargahla bağlı xəbərdarlıq edilib.
Məktubda söhbət əmlakın “icarəyə verənin razılığı olmadan icarəçi tərəfindən 2-ci əldən (subicarəyə) və ya hər hansı məqsədlə istifadəyə verilməsindən” gedir və bu halda müqaviləyə xitam veriləcəyi qeyd edilir.
Müsavat rəhbərliyi deyir ki, xəbərdarlığa səbəb Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılacaq partiyanın təsis qurultayının Müsavatda keçirilməsi qərarıdır.
Novator.az bildirir ki, təsis qurultayı oktyabr ayından bəri Bakı meriyasının, başqa dövlət təşkilatlarının və özəl qurumların yer ayırmaması səbəbindən bir neçə dəfə təxirə düşüb. Sonda qurultayı dekabrın 17-də Müsavatın Bakıdakı mərkəzi qərargahında keçirmək qərara alınıb.
2008-ci ildən fəaliyyət göstərən REAL-ın lideri İlqar Məmmədov 4 ildən çoxdur həbsdədir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
Bir müddətdir Azərbaycan hökuməti ilə Avropa Şurası arasında İlqar Məmmədovun işi ilə bağlı gərginlik yaşanır.
2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib. Avropa strukturları hesab edir ki, İlqar Məmmədov azadlığa buraxılmalıdır. Azərbaycan hökuməti isə Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun buraxılmasına dair tələb olmadığını bildirir, buna görə də onun həbsdə saxlanmasını qanuni sayır.
2017-ci il noyabrın 16-da Avropa Məhkəməsi İlqar Məmmədovun şikayəti üzrə daha bir qərar qəbul edib, onun ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb.
Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə qərar qəbul edərək İlqar Məmmədovla bağlı qərarların icra olunub-olunmadığını öyrənmək üçün Avropa Məhkəməsinə sorğu göndərib.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Müsavat başqanının müavini Gülağa Aslanlı Bastainfo.com-a açıqlamasında vurğulayıb ki, partiya REAL-a qurultay keçirmək üçün yeri icarə əsasında verməyib, ona görə də Əmlak Məsələləri Dövlət Komitəsinin bunu “subicarə” kimi qiymətləndirməsi doğru deyil.
Gülağa Aslanlı xatırladıb ki, əvvəllər Müsavatın qərargahında bir sıra qurumların (İctimai Palata, Demokratik Qüvvələrin Milli Şurası, AXCP, NİDA Vətəndaş Hərəkatı və s.) iclasları keçirilib.
Gülağa Aslanlı bildirib: “Bizim qərargah hazırda bütün müxalifətin istifadə edə bildiyi tək-tük məkanlardan biridir. Hakimiyyət bu qərargahı əlimizdən alacaqsa, bütövlükdə müxalifətin qərargahını əlindən almış olacaq”.
Xəbərdarlıq məktubunun gəldiyi gün Müsavat başqanı Arif Hacılıya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən dəvət də gəlib. Arif Hacılı dekabrın 15-i günün ikinci yarısına idarəyə çağırılıb.
Dekabrın 15-i günün birinci yarısı Müsavat rəhbərliyi öz qərargahında REAL-ın nümayəndələrini qəbul edib. Görüşdə qurultayın Müsavat qərargahında keçirilməsinə hakimiyyətin yaratdığı problemlər müzakirə olunub. Hökumətin REAL-a qurultay keçirmək üçün yer ayırmaması, Əmlak Məsələləri Dövlət Komitəsinin Müsavata xəbərdarlığı, Müsavat başqanının Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılması hakimiyyətin müxalifətə qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirilib.
Müsavat rəhbərliyi partiya qərargahında REAL-ın qurultayına yer verilməsi qərarının qüvvədə qaldığını, REAL təmsilçiləri isə qurultayın keçirilməsində israrlı olduqlarını bəyan edib. Görüşdə hakimiyyətin yaratdığı əngəllər fonunda qurultayın təxirə salınması təklifi ətrafında da müzakirələr aparılıb. Hər iki tərəf bildirib ki, öz strukturlarında müzakirə aparıb, məsələ ilə bağlı qərarlarını tezliklə açıqlayacaqlar.