Baş Prokurorluq dekabrın 14-də Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yayıb. Məlumatda bildirilir ki, onun barəsində Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə etmə) maddəsinin birinci və ikinci bəndləri ilə cinayət işi başlanıb.
Rauf Hüseynov Azərbaycanda həyat yoldaşı Amaliya Seyidova ilə birlikdə polis idarəsinə çağırılması, şübhəli şəxs qismində dindirilməsi haqda saxta sənəd hazırlamaqda suçlanır.
“Azadlıq” radiosu bildirir ki, Rauf Hüseynov hazırda Avropa ölkələrindən birində məskunlaşıb. Baş Prokurorluğun məlumatında iddia olunur ki, sənədlər məskunlaşdığı ölkənin miqrasiya orqanlarına təqdim olunmaq üçün hazırlanıb.
Prokurorluğun məlumatında adları çəkilən şəxslər AXCP sədri Əli Kərimlinin qohumlarıdır – Amaliya Seyidova baldızı, Rauf Hüseynov isə onun həyat yoldaşıdır.
Əli Kərimli prokurorluğun məlumatında yazılanları özünə və qohumlarına qarşı təzyiq, qarayaxma kampaniyasının davamı kimi qiymətləndirir.
AXCP mətbuat xidmətindən “Azadlıq” radiosuna bildirilib ki, Rauf Hüseynov özü də uzun illərdir partiyanın üzvüdür, Milli Şuranın keçirdiyi mitinqlərin təşkilində aktiv iştirak edənlərdən biridir: “Mitinqlərdə istifadə olunan səsgücləndiricilərin tapılması, təmin olunması məsələsinə o baxırdı. 2016-cı ilin 11 sentyabr mitinqindən sonra aksiyalarda fəal iştirak etmiş AXCP funksionerlərinə qarşı kütləvi təzyiqlər başlandı. Həmin vaxt partiyanın 254 nəfər fəalı polis idarələrinə çağırılıb hədələndi, hətta bəziləri həbs olundu. Onların arasında Rauf Hüseynov da vardı. Rauf Hüseynov dəfələrlə təzyiqlərə məruz qalandan sonra Əli Kərimlinin qayını Elnur Seyidovun heç bir günahı olmadan 6 ildir həbsdə saxlanmasını, Qənimət Zahidin, Emin Millinin, Günel Mövludun, Natiq Ədilovun yaxınlarına qarşı repressiyaları nəzərə alaraq ölkəni tərk edib”.
AXCP bir müddət öncə jurnalist Fikrət Hüseynlinin xaricdə tutularaq Azərbaycana gətirilməsinə cəhd göstərdiyini yada salaraq iqtidarın siyasi mühacirlərə qarşı İnterpoldan istifadə etdiyini vurğulayır.
Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində xarici ölkələrdə siyasi sığınacaq alınması məsələsi ilə bağlı cinayət işi başlanıb. Prokurorluq bir sıra hallarda xarici dövlətdə oturum almaq üçün istifadə olunan sənədlərin saxtalaşdırıldığını iddia edir. Cinayət işinin istintaqı davam edir.
Əli Kərimli 1965-ci ildə anadan olub. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Əbülfəz Elçibəy hakimiyyəti zamanı Prezident Aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb, daha sonra dövlət katibi təyin olunub.
1993-cü ildən AXC sədrinin siyasi məsələlər üzrə müavini, daha sonra AXCP sədrinin birinci müavini olub. 1995 və 2000-ci illərdə Milli Məclisin deputatı seçilib. 2000-ci ildən AXCP-yə rəhbərlik edir.