Dekabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucova hökm oxunub. Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə Əziz Orucov 6 il müddətinə azadlıqdan məhrum edilib. Əziz Orucov dövlət qeydiyyatına alınmamış qrant vəsaitlərindən külli miqdarda qanunsuz gəlir əldə etməkdə təqsirli bilinir.
Prokuror Əziz Orucova 7 il həbs cəzası verilməsini istəmişdi.
Əziz Orucov mayın 2-də polisə müqavimətdə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb. Sonra ona Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıqla külli miqdarda gəlir əldə etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb, haqqında həbs qətimkan tədbiri seçilib. İstintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
Hökm çıxarılmasının gözləndiyi günlərdə Novator.az saytının əməkdaşı Töhfə Əzimova Əziz Orucovun evində olmuş, jurnalistin anası Almaz Orucova və həyat yoldaşı Lamiyə Orucova ilə söhbətləşmişdi. Həmin videoreportajı bir daha təqdim edirik.