İslam Əməkdaşlıq Təşkilatının dekabrın 13-ü İstanbulda keçirilən fövqəladə zirvə toplantısının bəyannaməsində Şərqi Qüds Fələstinin paytaxtı elan olunub. Bəyannamədə dünya ölkələri işğal altındakı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanımağa çağırılır.
Novator.az xatırladır ki, 1947-ci ildə BMT Fələstin torpaqlarının bölünməsinə qərar verib. Həmin qərara əsasən, ərazidə İsrail və Fələstin dövlətləri qurulmalı, Yerusəlim beynəlxalq nəzarətə verilməli idi. 1948-ci ildə qurulan İsrail az sonra Yerusəlimi özünün paytaxtı elan edib, 1967-ci ildə isə hərbi güclə bütün şəhəri, eyni zamanda Fələstinin başqa ərazilərini tutub. Dünya birliyi işğal edilən ərazilərin, o cümlədən Qüdsün şərq hissəsinin Fələstinə qaytarılmasını istəyir.
1995-ci ildə ABŞ Konqresi ölkənin İsraildəki səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi barədə qanun qəbul edib. Amma Donald Trampdan əvvəlki prezidentlər bu qanunun icrasını təxirə salıblar. Bu il dekabrın 6-da Donald Tramp Yerusəlimi İsrailin paytaxtı kimi tanıdığını bəyan edərək ölkəsinin səfirliyini Tel-Əvivdən həmin şəhərə köçürmək qərarı imzalayıb.
Fələstin 1988-ci il noyabrın 15-də müstəqil dövlət elan olunub. Bu günədək onun müstəqilliyini 136 ölkə tanıyıb (Fələstini tanıyan ölkələr).
2012-ci il noyabrın 29-da Fələstin BMT üzvü olmayan müşahidəçi dövlət statusu alıb. Qərar Fələstinin BMT bayrağı altında bütün beynəlxalq təşkilatlara birbaşa müraciət hüququnu tanıyıb, ona ərazisi işğal olunmuş müstəqil dövlət statusu verib. Bu o deməkdir ki, İsrail 1967-ci ildə müharibə ilə tutduğu Fələstin ərazilərindən – Şərqi Qüdsdən və İordan çayının qərb sahilindən çıxmalıdır.
Azərbaycan Fələstinin müstəqilliyini 15 aprel 1992-ci ildə tanıyıb.
Dekabrın 13-ü İstanbuldakı zirvə toplantısında çıxış edən prezident İlham Əliyev qeyd edib ki, ABŞ prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı Azərbaycanda böyük narahatlıq yaradıb: “Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.
Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq”.