Rusiya prezidenti Vladimir Putin dekabrın 14-ü paytaxt Moskvada geniş mətbuat konfransı keçirir. Novator.az-ın məlumatına görə, dövlət başçısı müsahibəsində 2018-ci il martın 18-nə təyin olunmuş prezident seçkisinə də toxunub. O, seçkidə müstəqil namizəd olacağını vurğulayıb.
Ötən prezident seçkisində Vladimir Putin hakim Vahid Rusiya Partiyasından namizəd olmuşdu. Dövlət Dumasında böyük çoxluğa sahib bu partiyaya baş nazir Dmitri Medvedyev sədrlik edir.
Vladimir Putin dekabrın 6-da yenidən prezidentliyə namizəd olacağını bəyan edib.
O, 1952-ci il oktyabrın 7-də Leninqrad (indiki Sankt-Peterburq) şəhərində doğulub. Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini və DTK-nın Moskvadakı 1 saylı Ali Məktəbini bitirib. 1975-1990-cı illərdə təhlükəsizlik orqanlarında çalışıb.
1990-cı ildən Vladimir Putin əvvəl Leninqrad Dövlət Universiteti rektorunun köməkçisi, sonra Leninqrad Şəhər Soveti sədrinin müşaviri postlarını tutub.
1991-ci ildən Sankt-Peterburq meriyasında çalışıb, 1994-cü ildən Sankt-Peterburq hökuməti sədrinin birinci müavini olub.
Vladimir Putin 1996-cı ildən Rusiyanın ali hakimiyyət orqanlarında işləyib, prezidentin işlər müdirinin müavini, Prezident Administrasiyası rəhbərinin birinci müavini, Federal Təhlükəsizlik Xidmətinin direktoru, Təhlükəsizlik Şurasının katibi olub.
1999-cu il avqustun 16-da baş nazir təyin edilib. 1999-cu il dekabrın 31-dən həmçinin prezident vəzifəsini icra edib. 2000-ci ildə prezident seçilib. 2004-cü il seçkisində bu postu əlində saxlayıb.
2008-ci ilin may ayından Rusiyanın baş naziri olub. 2012-ci ildə yenidən prezident seçilib.
İqtisad elmləri namizədidir.
İki qız atasıdır.
Hazırda Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz.