Dekabrın 14-də Fövqəladə Hallar Nazirliyinin kollegiya iclası keçirilib. İclasda çıxış edən nazir Kəmaləddin Heydərov deyib ki, bu il çimərliklərdə nəzarət olunan ərazilərdə 145 nəfər, nəzarət olunmayan qeyri-çimərlik ərazilərində isə batma təhlükəsi ilə üzləşən 151 nəfər xilas edilib: “Nəzarət olunmayan qeyri-çimərlik ərazilərində suda batmış 47 nəfərin meyiti tapılaraq təhvil verilib. Nəzarət olunan çimərliklərdə ölüm halı qeydə alınmayıb”.
Hesabata görə, bu il 12 min 371 (hər gün orta hesabla 37), o cümlədən Bakıda 3965 yanğın hadisəsi qeydə alınıb.
Heydərov qeyd edib ki, bu il 3900-dən çox mənzil və fərdi evdə yanğın təhlükəsizliyi ilə bağlı nöqsanlar aşkar edilib, həmin nöqsanların aradan qaldırılması üçün qaz istismar idarələrinə məlumat verilib.
Hesabata əsasən, bu il baş verən meşə yanğınları zamanı 25 min hektara yaxın meşə sahəsi, əkin sahələrində baş vermiş yanğınlar zamanı isə 85 min hektar yanğından mühafizə olunub.
Fövqəladə hallar naziri qeyd edib ki, il ərzində xilasedicilər 1138 müxtəlif axtarış və qəza-xilasetmə əməliyyatlarında iştirak ediblər.