Dekabrın 14-ü Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə proses başlayıb. Azadliq.info-nun məlumatına görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Vəkillər Nemət Kərimov və Elçin Sadıqov vəsatət qaldıraraq bildiriblər ki, qanuna görə, şahidlər bir-birindən xəbərsiz dindirilməlidir, məhkəmədə isə bu tələb pozulub. Şahidlər dindirilən zaman məhkəmə zalının qapısının açıq olduğunu və çöldəki şahidlərin ifadə verənin dediklərini eşitdiyini iddia edən vəkillər sonradan ifadə verən şahidlərin ifadələrini nəzərə almamağı istəyiblər. Məhkəmə yalnız bir şahidin ifadəsinin ləğvi ilə bağlı vəsatəti təmin edib.
Vəkillər noyabrın 30-da keçirilmiş hazırlıq iclasında Əfqan Muxtarlının dəmir qəfəsdən çıxarılıb yanlarında oturdulması haqqında vəsatətin təmin edildiyini xatırlatsalar da, hakim bunun yalnız həmin günə şamil olunduğunu bildirib və jurnalist müdafiəçilərin yanına buraxılmayıb.
Daha sonra vəkil Nemət Kərimli məhkəmə zalında polis əməkdaşlarının iştirakına etiraz edib, açıq məhkəmə prosesinin polis nəzarəti altında aparılmamasını, onların zaldan çıxarılmasını istəsə də, hakim buna razılaşmayıb.
Azadliq.org-un məlumatına görə, digər vəkil Elçin Sadıqov məhkəməyə teleqram vasitəsilə göndərdiyi vəsatətin təmin olunmasını istəyib. Vəsatətdə vəkil Əfqan Muxtarlının həbsindən dərhal sonra Dövlət Sərhəd Xidməti və Baş Prokurorluğun onun haqqında yaydığı bəyanatda jurnalistin təqsirsizlik prezumpsiyası hüququnun pozduğunu iddia edib, sənədin iş materiallarına əlavə olunmasını və sənədlərin tədqiqi mərhələsində araşdırılmasını istəyib.
Məhkəmədə Əfqan Muxtarlı və müdafiəçiləri jurnalistlərin prosesə buraxılmamasına da etiraz edib.
Proses dekabrın 28-də davam edəcək.
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. İbtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
İbtidai istintaq müddətində Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasında saxlanıb, məhkəmə ərəfəsində Şəki İstintaq Təcridxanasına köçürülüb.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Müdafiəçiləri və ailə üzvləri də bunu təsdiqləyirlər. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.