“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev ABŞ-da səfərdədir.
Bu il avqustun 7-də Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə başlayıb. Avqustun 16-da bununla əlaqədar agentliyin ofisində axtarış aparılıb, mühasibat sənədləri və maliyyə fəaliyyəti ilə bağlı elektron daşıyıcılar götürülüb.
Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev nazirliyin “Turan”dakı yoxlamaları zəminində tutulub, Yasamal Rayon Məhkəməsi onu qanunsuz sahibkarlıq, vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları ilə təqsirləndirilən şəxs qismində 3 aylıq həbs edib.
Sentyabrın 11-də Yasamal məhkəməsi Mehman Əliyev barəsində həbs qətimkan tədbirini başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz etdiyinə görə direktor azadlığa buraxılıb.
Oktyabrın 30-da Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan”a qarşı cinayət işinə xitam verib, Mehman Əliyevin ölkədən çıxışına qoyulan qadağa götürülüb.
“Amerikanın səsi”nə müsahibəsində Mehman Əliyev ölkəni tərk edərkən ciddi problemlə üzləşmədiyini deyib. O qeyd edib ki, son 3 ildə bir qayda olaraq ölkədən çıxarkən onu yoxlayır, özü ilə nə apardğı, eyni zamanda nə qədər pul apardığı ilə maraqlanırlar.
Mehman Əliyev bildirib ki, o, ABŞ-a Konqres, Senat və Dövlət Departamentində görüşlər keçirməyə, Azərbaycandakı durum, medianın vəziyyəti haqda məlumat verməyə gəlib.
Azərbaycanda media sahəsində durumun ağır olduğunu vurğulayan Mehman Əliyev media azadlıqlarına mütəmadi şəkildə məhdudiyyətlər tətbiq edildiyini söyləyib: “Bu proses artıq neçə ildir gedir. Hakimiyyət çalışır ki, bu yolla medianı çərçivəyə salsın, özünüsenzura meylini daha da gücləndirsin”.
Həbsinin onun baxışlarında hansısa dəyişikliyə yol açıb-açmadığı haqda sualı cavablandırarkən “Turan” agentliyinin direktoru çox şeyin dəyişmədiyini, əksinə – müstəqil medianın üzləşdiyi problemləri daha dərindən dərk etdiyini, həbsdə olan jurnalist və bloqçuların çəkdiyi əziyyətləri daha yaxşı anladığını bildirib. “Həbsdə azadlığın qiymətini, onun uğrunda mübarizənin dəyərini daha yaxşı dərk etməyə başlayırsan” deyən Mehman Əliyev azad mətbuat uğrunda daha çox səy göstərməyi vacib sayıb.
1957-ci il oktyabrın 26-da doğulan Mehman Əliyev Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinin məzunudur. “Molodyoj Azerbaydjana” qəzetinin, “Azərinform” agentliyinin müxbiri, “Xazar” jurnalının məsul katibi olub, prezidentin mətbuat xidməti rəhbərinin müavini vəzifəsində çalışıb. “Turan” informasiya agentliyini 1990-cı ildə təsis edib.