Vəkil Əsabəli Mustafayev həbsdə olan AXCP fəalı, bloqçu Namiq Sadıqlı ilə görüşüb.
Novator.az xəbər verir ki, Namiq Sadıqlını (Namiq Sadiqov) noyabrın 30-da polis saxlayıb. Dekabrın 1-də Nəsimi Rayon Məhkəməsi onu polisin qanuni tələbinə tabe olmamaqda təqsirli bilərək 30 sutka inzibati həbsə məhkum edib. Müdafiəçiləri isə Namiq Sadıqlının həbsini sosial şəbəkələrdə yaydığı tənqidi xarakterli videolarla əlaqələndirir.
Namiq Sadıqlı hazırda Binəqədidəki inzibati həbs yerində saxlanır.
Əsabəli Mustafayev Namiq Sadıqlı ilə dekabrın 12-də görüşüb. Vəkilin sosial şəbəkədə yaydığı açıqlamaya görə, bloqçunun səhhətində problemlər var.
Əsabəli Mustafayevin bildirdiyinə görə, son günlər Namiq Sadıqlı üçün 4 dəfə təcili tibbi yardım çağrılıb, o, xəstəxanaya aparılaraq müayinə olunub: “Deyir ki, həkimlər onu xəstəxanada saxlamaq istəsələr də, Binəqədidə cəza çəkdiyi müəssisənin əməkdaşları buna razı olmayıblar. Hazırda saxlandığı yerdə də müalicə kursu keçir. Özünün dediyinə görə, səhhətindəki problemlərə səbəb zəif qidalanma, hərəkətsizlik, açıq havada az olmaqdır və bütün bunların nəticəsində onun immun sistemi zəifləyib. Bloqçunun səhhətindəki problemlərlə bağlı müvafiq qurumlara müraciət olunacaq”.
Vəkil qeyd edib ki, Nəsimi Rayon Məhkəməsinin Namiq Sadıqlı haqqında çıxardığı qərardan verdiyi apellyasiya şikayəti də düyünə düşüb: “Qanunvericiliyə görə, birinci instansiya məhkəməsi şikayəti alan kimi onu apellyasiya instansiyasına göndərməli və bir sutka ərzində şikayətə baxılmalıdır. Mən apellyasiya şikayətini dekabrın 6-da Nəsimi Rayon Məhkəməsinə, hakim Şəlalə Həsənovaya təqdim etmişəm. Bir həftə ötüb, ancaq şikayətə baxılmayıb. Şikayət ərizəsinin hazırda harada olduğundan da məlumatsızam, ərizəni hansı instansiya məhkəməsində və necə axtaracağımı bilmirəm”.