“Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq”. Dekabrın 13-ü İstanbulda, İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsinə dair fövqəladə zirvə toplantısında çıxış edən prezident İlham Əliyev belə deyib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı qeyd edib ki, Amerika Birləşmiş Ştatları prezidentinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnaməsinə zidd olaraq Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınması və ABŞ səfirliyinin bu şəhərə köçürülməsi ilə bağlı qərarı Azərbaycanda böyük narahatlıq yaradıb: “Bu qərar Fələstin-İsrail münaqişəsinin ədalətli və hərtərəfli nizama salınması işinə mənfi təsir edə, Yaxın Şərqdə təhlükəli fəsadlara gətirib çıxara bilər. Hesab edirik ki, Amerika Birləşmiş Ştatları bu qərara yenidən baxmalıdır.
Azərbaycan ardıcıl olaraq Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə, Şərqi Qüdsün Fələstin Dövlətinin paytaxtı olmaqla iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Bir neçə il bundan əvvəl Azərbaycan Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis konfransına və Qüds şəhərinin inkişafına dəstək məqsədilə donor konfransına ev sahibliyi edib. 2017-ci ilin iyul ayında Azərbaycanda BMT-nin Fələstin xalqının ayrılmaz hüquqlarının həyata keçirilməsinə dair komitənin, BMT-nin humanitar məsələlər üzə əlaqələndirmə ofisinin, İƏT və müxtəlif qeyri-hökumət və vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı ilə Qüds məsələsinə dair beynəlxalq konfrans keçirilib. Konfransda Şərqi Qüdsün işğalı və Əl-Aqsa məscidində ibadət edənlərə qarşı tətbiq olunan məhdudiyyətləri qınayan bəyanat qəbul edilib. Biz hər zaman olduğu kimi, bu gün də Fələstin xalqının yanındayıq.
Azərbaycan islam həmrəyliyi işinə böyük töhfə verir, biz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüyük. Azərbaycanın təşəbbüsü ilə İƏT Gənclər Forumu, Əmək Mərkəzi və Jurnalistlər Assosiasiyası yaradılıb. 2017-ci il Azərbaycanda “İslam həmrəyliyi ili” elan edilib. Azərbaycan islamofobiyaya qarşı fəal mübarizə aparan ölkələrin ön sırasındadır. 2017-ci ildə Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçirilib. Bu möhtəşəm idman, dostluq, qardaşlıq bayramı bir daha bütün dünyaya göstərdi ki, islam sülh, mərhəmət, bərabərlik dinidir.
Əməkdaşlığı və qarşılıqlı dəstəyi gücləndirmək üçün digər bir imkan bu ay Bakıda keçiriləcək “İslam həmrəyliyi ili”nin qeyd olunması ilə bağlı beynəlxalq konfrans olacaq.
Fürsətdən istifadə edərək İƏT-ə, onun üzv dövlətlərinə və dünyadakı müsəlman cəmiyyətlərinə Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana göstərdikləri ədalətli dəstəyə görə təşəkkürümü ifadə etmək istərdim. İyirmi ildən artıqdır ki, Ermənistan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu daxil olmaqla 20 faiz torpaqlarını işğal altında saxlayır. Dağlıq Qarabağ Azərbaycanın əzəli və tarixi torpaqlarıdır. Ermənistanın təcavüzü nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. İşğal olunmuş ərazilər tamamilə etnik təmizləməyə məruz qalmış və talan edilib. Ermənistan məscidlər və islam abidələri daxil olmaqla bütün mədəni abidələri məhv edib.
Bununla bərabər Ermənistan müxtəlif müsəlman ölkələri ilə dostluq münasibətləri qurmaq istəyir. Bu, ən böyük riyakarlıqdır. Dünya müsəlmanları bilməlidirlər ki, müqəddəs məscidlərimizi dağıdan Ermənistan müsəlman ölkələrinin dostu ola bilməz.
1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Lakin Ermənistan onları yerinə yetirməkdən imtina edir. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələr qəbul edib. Azərbaycan heç vaxt erməni işğalı ilə barışmayacaq, münaqişənin həlli yalnız və yalnız Azərbaycanın tanınmış beynəlxalq sərhədləri, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Azərbaycan ABŞ-ın Qüds qərarını rədd etdi
Prezident Qüds zirvəsinə gedir
Fələstini hansı ölkələr tanıyır?
İlham Əliyev Türkiyədədir
İstanbulda Qüds zirvəsi