Dekabrın 11-də vəkil Fuad Ağayev Bakıdakı 2 saylı Cəzaçəkmə Müəssisəsində məhbus siyasətçi İlqar Məmmədovla görüşüb.
Novator.az-ın məlumatına görə, Fuad Ağayev sosial şəbəkədə yaydığı açıqlamasında bildirib ki, görüşdə prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədovun İlqar Məmmədovla bağlı səsləndirdiyi təkliflər müzakirə edilib.
İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) Hərəkatının lideridir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılıb, amma o, həbsdə qalıb. 2017-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün tədbir görməyə səsləyən qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığı üçün onu azad etmədiyini bildirib. Bu cavabdan sonra, dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə qərar qəbul edərək İlqar Məmmədovla bağlı qərarların icra olunub-olunmadığını öyrənmək üçün Avropa Məhkəməsinə sorğu göndərib.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Dekabrın 7-də Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin 5 dekabr qərarına münasibət bildirərkən deyib ki, İlqar Məmmədov cəza müddətinin üçdə iki hissəsini çəkdiyinə görə məhkəməyə müraciət edib şərti azadlığa çıxa bilər. Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara da gedə bilər.
Novruz Məmmədovun açıqlaması yayılan gün vəkil Fuad Ağayev Novator.az-a demişdi ki, İlqar Məmmədov cəzasının qalan hissəsinin şərti məhkumluqla əvəz olunması üçün müraciət etməyəcək: “Onun belə bir fikri olmayıb və yoxdur. İlqar Məmmədovun azadlığa buraxılması məsələsində hər şey hakimiyyətin öz əlindədir”.
Fuad Ağayev bəyan edir ki, dekabrın 11-də İlqar Məmmədov şərti azadlığa çıxmaq üçün yerli məhkəməyə müraciət etməyəcəyini bir daha təsdiqləyib: “İlqar Məmmədov bir daha təsdiqlədi ki, onun özü şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı yerli məhkəməyə müraciət etməyəcək. Avropa Məhkəməsi İlqar Məmmədovun siyasi fəaliyyətinin dayandırılması və susdurulması məqsədilə həbs olunduğunu müəyyənləşdirib. Buna görə də o, dərhal və qeyd-şərtsiz azad edilməlidir”.
Novruz Məmmədovun məsələnin həlli yollarının axtarılması üçün konstruktiv danışıqlar təklifinə gəlincə, vəkil bildirir ki, Azərbaycan Respublikasının beynəlxalq hüquqi öhdəliklərinin icrası kimi İlqar Məmmədovun cinayət işi üzrə icraata bəraətverici əsasla – cinayət hadisəsi olmadığına görə xitam verilərsə və onun siyasi fəaliyyətinə əngəllər yaradılmazsa, İlqar Məmmədov Avropa Şurası Nazirlər Komitəsindən Avropa Məhkəməsinə göndərilən sorğunun geri çağırılmasına dair vəsatət verməyə hazırdır.