Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən gələn ildən fiziki şəxslərin məhkəmə proseslərinə nümayəndə kimi çıxması məhdudlaşdırılır. Ali Məhkəmədə nümayəndənin iştirakı tam yasaqlanır. Birinci instansiya və apellyasiya məhkəmələrində hüquqi şəxslərin adından prosessual hərəkətləri əsas iş yeri həmin orqan olan işçi həyata keçirə biləcək. Fiziki şəxsin isə yalnız yaxın qohumuna qanuni nümayəndə kimi iştirak icazəsi veriləcək. Yaxın qohum dedikdə babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur.
Nümayəndəlik institutu məhdudlaşdırıldığına görə ölkədə vəkillərin sayının artırılması planlaşdırılır.
Vəkil fəaliyyəti göstərmək istəyən şəxs mütləq Vəkillər Kollegiyasının üzvü olmalıdır.
Novator.az bildirir ki, hazırda Vəkillər Kollegiyasının 940-a yaxın üzvü var. Bu, orta hesabla ölkədə 10 min nəfərə 1 vəkilin düşməsi deməkdir.
Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeni sədri Anar Bağırov dekabrın 8-də jurnalistlərlə söhbətində deyib ki, vəkillərin sayını artırmaq üçün kollegiyaya üzvlüklə bağlı sənədlərin qəbuluna başlanacaq.
Anar Bağırov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri postuna dekabrın 7-də seçilib. Vəkillər Kollegiyasının həmin gün Bakıda keçirilən konfransında Rəyasət Heyətinin yeni tərkibi də formalaşdırılıb.
Anar Bağırov jurnalistlərə açıqlamasında kollegiyaya qəbulu asanlaşdırmağa çalışacaqlarını söyləyib. Bildirib ki, namizədlərdən daha az əmək stajı tələb edilməsinə tərəfdardır. Eyni zamanda deyib ki, Ədliyyə Nazirliyinin İxtisas Komissiyası vəkilliyə qəbul imtahanında keçid balını aşağı salarsa, o buna etiraz etməyəck. Anar Bağırov gənc hüquqşünasların Vəkillər Kollegiyasına üzvlüyünə stimul verilməsini vacib sayır.
Yeni sədr bölgələrdə hüquqi yardım işinin təkmilləşdiriləcəyini də vurğulayıb, çünki regionlarda vəkillərin sayı çox azdır.
O deyib ki, ödənişsiz hüquqi yardımla bağlı problemləri də həll etməyə çalışacaqlar, ödənişsiz hüquqi yardım institutunu müasirləşdirmək üçün konsepsiya hazırlayacaqlar.
Anar Bağırovun 41 yaşı var. BDU-nun hüquq fakültəsində bakalavr və magistr təhsili alıb. 1997-2005-ci illərdə müxtəlif təşkilatlarda hüquqşünas vəzifəsində işləyib. Vəkillər Kollegiyasına 2005-ci ildə qəbul edilib, 2012-ci ildən Rəyasət Heyətində təmsil olunur. 2010-cu ildən Hakimlərin Seçki Komitəsinin üzvü, 2016-cı ildən Ədliyyə Akademiyasının vəkillərin peşəyə buraxılış və ixtisasartırma fakültəsində dekan əvəzidir.
Anar Bağırov həmçinin “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin sədri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının həmtəsisçisi və İdarə Heyətinin üzvü, “Azərbaycan vəkili” jurnalının baş redaktorudur. Hüquq elmləri üzrə fəlsəfə doktorudur.