Dekabrın 8-i Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən AZAL-ın işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.
Novator.az-ın məlumatına görə, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən iclasda hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi, tanınmış jurnalist İmdad Əlizadə 3 vəsatət qaldırıb.
Yazılı şəkildə vəsatətləri məhkəməyə təqdim edən İmdad Əlizadə təqsirləndirilən Seymur Qarayev barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini və onun məhkəmə zalında həbs olunmasını istəyib.
Digər vəsatətdə isə o qeyd edib ki, hadisə baş verən zaman Seymur Qarayevin ya narkotik maddənin təsiri altında, ya sərxoş vəziyyətdə olması, yaxud telefonla danışması ehtimalı var: “İndiki halda təqsirləndirilən şəxsin həmin vaxt narkotik maddələrin təsiri altında olub-olmamasını, yaxud spirtli içki qəbul edib-etməməsini müəyyənləşdirmək mümkün deyil. Çünki hadisədən 1 il 10 aydan çox vaxt ötüb. Ona görə də məhkəmədən xahiş edirəm ki, qəzanın baş verdiyi ərazinin 2016-cı ilin fevral ayının 14-ü səhər saatlarına olan lokasiyasının çıxarılması üçün mobil operatorlara sorğu göndərilsin. Əgər ərazinin lokasiyası əldə olunsa, Seymur Qarayevin qəza baş verən zaman telefonla danışıb-danışmadığını müəyyənləşdirmək mümkün olar. Biz bilmək istəyirik ki, hadisə baş verən zaman Seymur Qarayev telefonla danışırdı, ya yox”.
İmdad Əlizadə sonuncu vəsatətində bildirib ki, təqsirləndirilən Seymur Qarayev eynəkdən istifadə edir: “Həmçinin onun sürücülük vəsiqəsi də var. Düşünürük ki, o, sürücülük vəsiqəsi alan zaman dövlət orqanlarını aldadıb. Məhkəmədən xahiş edirik ki, Seymur Qarayevin görmə qabiliyyətinin gecə, havanın qaranlıq olduğu zaman avtomobil sürməsinə imkan verib-vermədiyini müəyyənləşdirmək üçün ekspertiza təyin edilsin”.
Bu zaman təqsirləndirilən şəxsin vəkili Mirzəmmət Rəhimov yerindən jurnalistin vəsatətlərinə gülərək cavab verib. O, zərərçəkmişin hüquqi varisinin dediklərini “nağıl” adlandırıb. İmdad Əlizadə buna etiraz edib. O, vəkili müdafiə işini qanunlar və etik qaydalar çərçivəsində aparmağa dəvət edib.
Məhkəmə vəsatətləri təmin etməyib.
Daha sonra İmdad Əlizadə ifadə verib. O, dindirilən zaman atasının avtomobillə vurulması hadisəsindən necə xəbər tutduqlarını, atası Əli Əliyevin dörd xəstəxanada – 1 saylı Kliniki Tibbi Mərkəz (“Semaşko”), Mərkəzi Klinik Xəstəxana, “Avrasiya” hospitalı, Bakı Sağlamlıq Mərkəzində ümumilikdə 504 gün koma vəziyyətində müalicə olunmasından, xəstəxana xərclərini ödəmək sahəsində üzləşdikləri çətinliklərdən danışıb. Qeyd edib ki, məcburi köçkün ailəsi olduqlarına görə özəl xəstəxanaların xərclərini yalnız xeyirxah insanların, dostların, yaxınların köməyi ilə ödəyə biliblər. İmdad Əlizadə bildirib ki, müalicəyə kömək məqsədi ilə 2 dəfə atasının “54 gün erməni mühasirəsində” kitabının satış aksiyasını keçiriblər.
İmdad Əlizadə qeyd edib ki, yol-nəqliyyat hadisəsindən sonra təqsirləndirilən Seymur Qarayev onu aldadıb, xəstəxanalara xərclənmiş 166 min 531 manatın yalnız 4 min manatını ona verib: “Seymur Qarayev məni dəfələrlə aldadır, “gəlirəm, pul verəcəm” deyirdi, lakin həmin vədlərinə indiyə qədər də əməl etməyib. Hətta bu gün də dostlar və qohumlar buna görə məni qınayırlar. Onlar həmişəki kimi deyirlər ki, sən niyə Seymur Qarayevlə yumşaq davranırsan? Seymur Qarayev də mənim onunla yumşaq davranmağımdan istifadə etdi və indi də edir. Mənim bu günə qədər “Avrasiya” hospitalına 11 min 270 manat borcum qalıb. Həmin borcların da yaranmasına səbəb Seymur Qarayev oldu. Çünki mənə hər dəfə deyirdi ki, “pulu gətirirəm, yoldayam”. Amma hər dəfə yalançı çıxırdı”.
Zərərçəkmişin hüquqi varisi bir daha vurğulayıb ki, təqsirləndirilən şəxsə qarşı 166 min 531 manat mülki iddia qaldırıb və xəstəxanalara ödənilmiş məbləğlərin qəbzlərini məhkəməyə təqdim edib.
Təqsirləndirilən şəxsin müdafiəçisi mülki iddianı qəbul etmədiklərini deyib.
Məhkəmənin növbəti iclası dekabrın 20-nə təyin olunub.
Xatırladaq ki, altı övlad atası Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyevin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.