Prezident İlham Əliyev dekabrın 7-də Bakıdan Rusiya sərhədinə gedən avtomobil yolunun 45-202 kilometrlik hissəsində tikiləcək yeni magistralın təməl mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Hacı Zeynalabdin Tağıyev qəsəbəsindən Gəndob yaşayış məntəqəsinə qədər 97 kilometr uzunluğunda, oradan da Rusiya sərhədinə doğru 22 kilometr yeni yolun tikintisi nəzərdə tutulur. Dörd hərəkət zolaqlı yeni yolun uzunluğu 119 kilometr, eni 15 metr olacaq.
119-cu kilometrdən sərhədə doğru 38 kilometr uzunluğunda yeni yolun tikintisi isə davam edir.
İşlər tam başa çatdıqdan sonra yolun ümumi uzunluğunun 157 kilometr təşkil edəcəyi gözlənir.
2005-ci ildə Azərbaycan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında sazişə qoşulub. Bu dəhliz Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının körfəz ölkələrinə və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradır. Dəhlizin Azərbaycan ərazisindən keçən avtomobil yollarının uzunluğu 520 kilometrdir. Yolların yaşayış məntəqələrindən keçməsi sürət həddinin aşağı, vaxt sərfinin çox olmasına gətirir. Yaşayış məntəqələrindən keçməyən alternativ yolların tikintisi magistral yollarda nəqliyyatın sıxlığını aradan qaldırmaq, yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədi daşıyır.
Həmin gün İlham Əliyev Quba rayonuna səfər edib, Quba Bayraq Muzeyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” kompleksinin açılışlarında iştirak edib.
Dövlət başçısı əsaslı şəkildə yenidən qurulan Rustov-Xanəgah-Gürdəh, Rustov-Nöydün-Şuduq, Rustov-Məckəxacə, Rustov-Bağçalı-Yekdar avtomobil yollarının açılışına da qatılıb.
İlham Əliyevin iştirakı ilə həmçinin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialı açılıb.