Dekabrın 7-də Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Novruz Məmmədov Avropa Şurası Nazirlər Komitəsinin azərbaycanlı siyasətçi İlqar Məmmədovla bağlı qərarına münasibət bildirib. O deyib ki, Azərbaycan qanunvericiliyinə edilmiş son dəyişikliklər İlqar Məmmədova 2017-ci il dekabrın 1-dən etibarən məhkəməyə müraciəti əsasında cəza müddətinin üçdə iki hissəsini çəkdiyinə görə şərti azadlığa buraxılmaq hüququ verir: “Azərbaycan tərəfi məsələnin digər həll yollarının axtarılması üçün konstruktiv danışıqlara da gedə bilər. Lakin Avropa Şurasının bir qurumu prosesin hansı istiqamətdə gedəcəyini nəzərə almadan müəyyən dairələrin təsiri altına düşərək qərəzli mövqeyini davam etdirir”.
Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə qərar qəbul edib. Buna məhbus siyasətçi İlqar Məmmədovun işi səbəb olub. Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycan dövlətinin İlqar Məmmədovla bağlı qərarları icra edib-etmədiyi barədə sorğu göndərib.
İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) Hərəkatının lideridir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb.
2014-cü ildə Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2016-cı ildə Azərbaycanda İlqar Məmmədovun işinə yenidən baxılıb, amma o, həbsdə qalıb. 2017-ci ildə Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün tədbir görməyə səsləyən qərar qəbul edib. Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığı üçün onu azad etmədiyini bildirib.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Novator.az İlqar Məmmədovun vəkili Fuad Ağayevdən Novruz Məmmədovun 7 dekabr açıqlamasına münasibət öyrənib.
Fuad Ağayev deyib ki, İlqar Məmmədovu azadlığa buraxmaq hakimiyyətin əlindədir. Vəkil vurğulayıb ki, İlqar Məmmədov həbs cəzasının şərti həbsə dəyişdirilməsi üçün hər hansı quruma müraciət etməyəcək: “İlqar Məmmədov cəzasının qalan hissəsinin şərti məhkumluqla əvəz olunması üçün müraciət etməyəcək. Onun belə bir fikri olmayıb və yoxdur. İlqar Məmmədovun azadlığa buraxılması məsələsində hər şey hakimiyyətin öz əlindədir”.