Dekabrın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələri ilə bağlı tutulan şəxslərin 3-cü qrupuna hökm oxunub.
“Report” xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə “Müsəlman birliyi” adlı hərəkatın üzvləri Zülfüqar Mikayılov 17 il, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Faiq Allahverdiyev, Mehman Quliyev, Elman Ağayev, Mübariz İbrahimov və Ramin Seyfullayevin hər biri 13 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyatov və Elxan Həsənovun hər biri 12 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı Zülfüqar Mikayılovun 18 il, Ruzi İsmayılov və Cabir Əliyevin hər birinin 16 il, Faiq Allahverdiyev, Mehman Quliyev, Elman Ağayev, Ramil Seyfullayev və Mübariz İbrahimovun hər birinin 15 il, Əli Hüseynov, Mehman Məmmədov, Eldar Bünyatov və Elxan Həsənovun hər birinin 14 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. 2 polis əməkdaşının, 4 qəsəbə sakininin həlak olduğu əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb. Qarşı tərəf ittihamları rədd edir.
Nardaran hadisələri ilə bağlı həbs edilən 1-ci qrupdan Taleh Bağırov və Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Cahad Babakişizadə, Aqil Quliyev, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və Ramin Yarıyevin hər biri 10 il müddətinə azadlıqdan məhrum edilib.
2-ci qrupun – “Müsəlman birliyi” adlı hərəkatın sədr müavini Elçin Qasımov, Nahid Qəhrəmanov, Ağa-Əli Yəhyayev, Seyfəddin Şirvanov, Fərhad Muradov, Ramil Əliyev, Elgün Axundov, Vüsal Alış, İsa İbrahimov, Seymur Aslanov, Əli Şahbazov və Əmirli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi hələ davam etdirilir. Bu qrupun işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mayıl Bayramovun sədrliyi ilə baxılır.