Dekabrın 5-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.
Buna Azərbaycanda həbsdə olan siyasətçi İlqar Məmmədovun işi səbəb olub.
Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarları var.
Avropa Şurasının Nazirlər Komitəsi bilmək istəyir ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarları ilə əlaqədar öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, ya yox.
Buna görə də dekabrın 5-də qəbul edilən qətnaməyə əsasən, Avropa Şurasının Nazirlər Komitəsi Avropa Məhkəməsinə sorğu göndərib.
Meydan.tv xəbər verir ki, 47 üzv dövlətdən 39-u qətnamənin lehinə səs verib.
İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) Hərəkatının lideridir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun həmin qərardan şikayətini təmin etməyib.
2017-ci il sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün oktyabrın 27-dək tədbir görməyə səsləyən qərar qəbul edib. Oktyabrın 25-də çıxarılan yeni qərarla müddət noyabrın 29-na uzadılıb və Azərbaycana məsələ ilə bağlı mövqeyini həmin günədək bildirmək təklif olunub.
Azərbaycan hökuməti noyabrın 29-da Avropa Şurasının Nazirlər Komitəsinə cavab verib. Cavabın mətni rəsmən açıqlanmasa da, əldə olunan məlumatlara görə, Azərbaycan hökuməti Avropa Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığı üçün onu azad etmədiyini bildirib. Məktubda yazılıb ki, Avropa Məhkəməsinin İlqar Məmmədovun dərhal buraxılması ilə bağlı tələbi olmadığına görə hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var.
Azərbaycan tərəfi hesab edir ki, hökumət Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarına aid bütün zəruri tədbirləri həyata keçirib, qərardan irəli gələn tövsiyələrə əməl edib, hüququnun pozulmasına görə İlqar Məmmədova təzminat da ödəyib.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Avropa Şurası Nazirlər Komitəsinin dekabrın 5-də İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi sorğuda məqsəd də Azərbaycanın Avropa Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırıb-qaçırmadığını dəqiqləşdirməkdir.
Onu da qeyd edək ki, bu arada, noyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti üzrə daha bir qərar qəbul edib, onun ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb. Qərara görə, İlqar Məmmədova qarşı aparılmış cinayət işində, dəlil-sübutların toplanması və yoxlanmasında, məhkəmə prosesi zamanı müdafiə tərəfinin gətirdiyi dəlillərə hakimlərin sərgilədiyi münasibətdə ciddi çatışmazlıqlar olub.
Novator.az bildirir ki, 1949-cu ildə yaradılan Avropa Şurası 47 ölkəni birləşdirir. Qurumun əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa Şurasının insan haqları komissarı müstəqil vəzifəli şəxsdir. Şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyası fəaliyyət göstərir. Digər məşvərətçi orqan Yerli və Regional Hakimiyyətlər Konqresidir.
Avropa Şurasına 5 ildən bir Parlament Assambleyasında seçilən baş katib rəhbərlik edir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.