Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluq əməkdaşlarının dekabrın 5-i paytaxt Kiyevdə tutduğu Yeni Qüvvələr Hərəkatının lideri Mixail Saakaşvilini hüquq mühafizə orqanlarına aparmaq mümkün olmayıb. Novator.az-ın məlumatına görə, tərəfdarları onu aparıldığı avtomobildən çıxarıb azad ediblər. Bundan bir qədər sonra parlamentin qarşısında keçirilən mitinqdə danışan Saakaşvili Ukrayna hökumətini, prezident Pyotr Poroşenkonu kəskin ittiham edib, xalqı ölkədəki korrupsiyaya son qoymaq üçün qəti mübarizəyə çağırıb.
Ukrayna Təhlükəsizlik Xidməti və Baş Prokurorluğunun əməkdaşları Saakaşvilini bu gün səhər yaşadığı evdə tutmuşdu. Saakaşvilinin cinayət təşkilatları üzvləri ilə işbirliyində və onların cinayət fəaliyyətini ört-basdır etməkdə ittiham olunduğu bildirilir.
1967-ci il təvəllüdlü Saakaşvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub. 2013-cü ildə ölkəsini tərk edib. Gürcüstanda onun haqqında bir neçə cinayət işi qaldırılıb.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq alıb, həmin il Odessa vilayətinin qubernatoru təyin edilib.
2015-ci il dekabrın 4-də Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib. Buna əsas kimi Saakaşvilinin başqa ölkənin vətəndaşlığını qəbul etməsi göstərilib.
2016-cı il noyabrın 7-də Saakaşvili Ukrayna prezidenti Poroşenkonu korrupsionerləri himayə etməkdə günahlandıraraq Odessa qubernatoru vəzifəsindən istefa verib və noyabrın 10-da postundan azad edilib.
2017-ci il iyulun 25-də Poroşenko Saakaşvilini vətəndaşlıqdan çıxarıb. Buna Saakaşvilinin vətəndaşlıq alarkən anketdə həqiqətə uyğun olmayan məlumatlar göstərməsi əsas gətirilib.
Saakaşvili Ukrayna vətəndaşlığından çıxarılması ilə barışmır. O, Yeni Qüvvələr Hərəkatı yaradaraq Ukrayna hakimiyyətinə qarşı mübarizə aparır, növbədənkənar seçkilərə çağırır.