“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir”. Prezident İlham Əliyev dekabrın 1-i Bakıda keçirilən “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzulu nazirlər konfransında belə deyib.
Dövlət başçısı deyib ki, Azərbaycan “Asiyanın Qəlbi – İstanbul Prosesi”ni Əfqanıstanda sülhün, barışığın, təhlükəsizliyin və iqtisadi inkişafın əldə edilməsi istiqamətində dialoq və əməkdaşlıq üçün dəyərli mexanizm hesab edir: “2012-ci ildə prosesə qoşulandan bəri biz bu çoxtərəfli platformada fəal şəkildə iştirak etməkdəyik. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsi, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla sabitlik və yəqinlik təmin edir. Bu prinsiplər İstanbul Prosesi çərçivəsində bizim münasibətlərimiz və əməkdaşlığımız üçün zəmin təşkil edir və bu, “Asiyanın Qəlbi” bəyannamələrində bir daha vurğulanıb.
Müstəqilliyinin bərpasının ilk illərindən Azərbaycanın təhlükəsizliyi Ermənistanın hərbi təcavüzü nəticəsində ciddi təhdidlərlə üzləşib. Azərbaycan ərazisinin beşdəbir hissəsinin davam etməkdə olan işğaldan və yüz minlərlə vətəndaşının məcburən öz torpaqlarından qovulmasından əziyyət çəkən ölkə kimi sülh, təhlükəsizlik və sabitliyin dəyərini tam anlayır. Ermənistan 20 ildən çoxdur Azərbaycanın təqribən 20 faiz ərazisini – Dağlıq Qarabağı və ölkəmizin digər 7 rayonunu işğal altında saxlayır. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan azərbaycanlılara qarşı Ermənistanda, Dağlıq Qarabağda və Azərbaycanın digər 7 rayonunda etnik təmizləmə siyasəti həyata keçirib.
İşğal olunmuş ərazilərdəki vəziyyət beynəlxalq ictimaiyyətə məlumdur. ATƏT işğal olunmuş torpaqlara iki dəfə faktaraşdırıcı və qiymətləndirmə missiyaları göndərib və onların hesabatlarında həmin torpaqlarda vandalizm aktlarının törədildiyi göstərilib. Şəhərlərimiz və kəndlərimiz, binalar, məzarlar və qəbiristanlıqlar, məscidlər dağıdılıb.
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Status-kvo qəbuledilməzdir. Bunu təkcə Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələr deyir. Bu ölkələrin prezidentləri bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir, bu, qəbuledilməzdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir”.