Dekabrın 1-də Ümumdünya QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü qeyd edilir. Novator.az bildirir ki, 1981-ci ildə Amerikada aşkar olunan QİÇS-dən indiyədək 35 milyondan çox adam ölüb. Hazırda 36,7 milyon adam HİV virusu ilə yaşayır. Onların 1,8 milyon nəfəri 2016-cı ildə yoluxub.
HİV virusu ilə yaşayanların 25,6 milyon nəfəri Afrika sakinidir.
Respublika AİDS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Eldəniz Muradov dekabrın 1-i Bakıda keçirilən tədbirdə deyib ki, vətəndaşların HİV müayinəsindən istifadə imkanını təmin etmək məqsədilə Azərbaycanda 50 stasionar və könüllü məsləhətxana şəbəkəsi fəaliyyət göstərir.
Şöbə müdirinin sözlərinə görə, 2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda HİV-ə yoluxma ilə bağlı 437 yeni fakt aşkar edilib və qeydiyyata alınıb. Bu faktların 431-i ölkə vətəndaşları ilə, 6-sı əcnəbilərlə bağlıdır. HİV-ə yeni yoluxmuş Azərbaycan vətəndaşlarının 275 nəfəri kişi, 156 nəfəri qadındır.
AZƏRTAC-ın məlumatına görə, tədbirdə qeyd olunub ki, ölkədə AİDS-ə yoluxma ilk dəfə 1987-ci ildə aşkar edilib. O vaxtdan 2017-ci il dekabrın 1-dək Respublika AİDS-lə Mübarizə Mərkəzində HİV-ə yoluxmuş 5549 nəfər qeydiyyata alınıb. Onlardan 3962-si kişi, 1587-si qadındır. Bu müddətdə 1452 Azərbaycan vətəndaşı AİDS mərhələsinə keçib, 861 nəfər HİV-ə yoluxma nəticəsində ölüb.
HİV-ə yoluxma hallarının 43,8 faizi narkotiklərin inyeksiyası, 44,6 faizi heteroseksual əlaqələr yolu ilə, 2,5 faizi homoseksual əlaqələr yolu ilə, 1,9 faizi anadan övlada keçib, belə hadisələrin 7,3 faizinin səbəbi məlum olmayıb.
Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir.