Noyabrın 30-u dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 42 sent ucuzlaşaraq 64,50 dollara düşüb.
London birjasında “Brent” markalı neftin bir barrelinin 30 sent bahalaşaraq 63,41 dollara, Nyu-York birjasında “Layt” markalı neftin bir barrelinin qiymətinin 17 sent artaraq 57,57 dollara qalxdığı bildirilir.
Azərbaycanın 2017-ci il büdcəsində neftin qiyməti 40 dollar hesablanıb. Novator.az-ın məlumatına görə, “AzəriLayt” yanvara 55,97 dollarla, fevrala 56,79 dollarla, marta 56,68 dollarla, aprelə 53,62 dollarla, maya 53,04 dollarla, iyuna 51,01 dollarla, iyula 48,57 dollarla, avqusta 53,60 dollarla, sentyabra 54,55 dollarla, oktyabra 57,51 dollarla, noyabra 62,2 dollarla start verib.
Bu gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) Nazirlər Şurasının, OPEK və qeyri-OPEK ölkələri nazirlərinin iclasları keçiriləcək. OPEK+ iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək. Əsas müzakirə mövzusu hasilat kvotasının artırılması və ya mövcud OPEK+ sazişinin müddətinin uzadılmasıdır.
Ötən il noyabrın 30-da OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEK üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Bu il mayın 25-də sazişin müddətinin 2018-ci il aprelin 1-dək uzadılması barədə razılıq əldə olunub.
OPEK-in 14 üzvü var: Səudiyyə Ərəbistanı, İran, İraq, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əlcəzair, Liviya, Nigeriya, Qabon, Anqola, Ekvador, Venesuela, Ekvatorial Qvineya.