Noyabrın 30-da Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının işi üzrə hazırlıq iclası keçirilib.
Əfqan Muxtarlı Cinayət Məcəlləsinin 318.1-ci (dövlət sərhədini sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 206.1-ci (qaçaqmalçılıq) maddələri ilə ittiham olunur. İbtidai istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
İbtidai istintaq müddətində Əfqan Muxtarlı Bakı İstintaq Təcridxanasında saxlanıb, məhkəmə ərəfəsində Şəki İstintaq Təcridxanasına köçürülüb.
Balakən Rayon Məhkəməsində işə hakim Hümbət Səlimov baxır.
Jurnalistin vəkilləri Nemət Kərimli və Elçin Sadıqov hazırlıq iclasında bir neçə vəsatət qaldırıblar.
Novator.az-a açıqlamasında Nemət Kərimli deyib ki, onlar öncə məhkəmədən cinayət işinə xitam verilməsini və ya Əfqan Muxtarlı barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər: “Daha sonra vəsatət qaldırdıq ki, Gürcüstan Daxili İşlər Nazirliyinə sorğu göndərilsin, oradan Əfqan Muxtarlı ilə bağlı adam oğurluğu motivi ilə cinayət işinin başlanmasına aid qərarın surəti alınsın. Əfqan Muxtarlıya qarşı qanunverciliyə zidd istintaq hərəkətləri aparılıb, ona görə şəxsi axtarış, götürülmə haqqında bəzi protokolların sübutlar siyahısından, istintaq materiallarından çıxarılmasını istədik. Eyni zamanda istintaqda Əfqan Muxtarlının lehinə ifadə vermiş şahidlər var, onlar məhkəməyə dəvət olunmayıb. Həmin şəxslərin prosesə gətirilməsini tələb etdik. Məhkəmə 7 vəsatətdən bircə Əfqan Muxtarlının məhkəmə zalında vəkillərinin yanında, yəni bizim yanımızda oturması barədə vəsatəti təmin etdi. Digər vəsatətlər rədd olundu”.
Nemət Kərimlinin sözlərinə görə, Əfqan Muxtarlının səhhəti, əhvalı normaldır.
Məhkəmə prosesi dekabrın 14-nə təyin olunub.
Əfqan Muxtarlı son illər ailəsi ilə birgə Gürcüstanın paytaxtı Tbilisidə yaşayıb. O bildirir ki, mayın 29-da Tbilisidə tutularaq Bakıya gətirilib. Müdafiəçiləri və ailə üzvləri də bunu təsdiqləyirlər. Ancaq Azərbaycanın rəsmi qurumları bəyan edir ki, Əfqan Muxtarlı mayın 29-u Gürcüstandan Azərbaycana – Balakən rayonu ərazisinə qanunsuz keçdikdən sonra qaçmaq istəyib, Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının qanuni tələbinə tabe olmayaraq onlara zor tətbiq etməklə müqavimət göstərib və jurnalistin üstündən 10 min avro məbləğində nağd pul tapılıb.
Mayın 31-də Səbail Rayon Məhkəməsinin qərarı ilə Əfqan Muxtarlı barəsində həbs qətimkan tədbiri seçilib.
Həbsdə olduğu vaxt Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi Əfqan Muxtarlının vergi qeydiyyatına alındığı dövrdən sonrakı fəaliyyətinin yoxlanması barədə qərar çıxarıb. Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti həmin qərar əsasında səyyar vergi yoxlaması keçirib. Nəticədə Əfqan Muxtarlıya 110 manat 95 qəpik əlavə vergi hesablanıb.
Oktyabrın 11-də Əfqan Muxtarlının həyat yoldaşı Leyla Mustafayeva 4 yaşlı qızı Nurayla birgə Gürcüstanı tərk edərək Almaniyaya pənah aparıb. Onlar hazırda Berlin şəhərində yaşayırlar. Leyla Mustafayeva yaxın vaxtda Almaniya hökumətindən sığınacaq istəyəcəyini bəyan edib. O, Gürcüstanı tərk etməsinin səbəbini həmin ölkədə özünü təhlükəsiz duymaması və izlənməsi ilə əlaqələndirib.
Əfqan Muxtarlı 1974-cü ildə Zaqatalanın Aşağı Tala kəndində doğulub. 5 il Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib, Qarabağ müharibəsi veteranıdır, Şuşada, Laçında, başqa bölgələrdə döyüşlərin iştirakçısı olub. 1992-ci ilin may ayında Laçının müdafiəsi zamanı yaralanıb.