Avropa Şurası Azərbaycandan İlqar Məmmədovun işi ilə bağlı rəsmi cavab alıb. Bunu BBC-yə şuranın mətbuat xidmətindən bildiriblər. Ancaq mətbuat xidməti “sənəd məxfi olduğu üçün” daha ətraflı məlumat verməkdən imtina edib.
REAL Hərəkatının üzvü Erkin Qədirli Facebook-da paylaşdığı şərhdə iddia edib ki, Azərbaycan hökuməti Avropa Şurasının Nazirlər Komitəsinə cavabında Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılmasına dair tələb olmadığına görə onu azad etmədiyini bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə məsələ ilə bağlı məlumatlı olmadığını deyib.
Facebook-da paylaşdığı şərhində Erkin Qədirli yazır: “Hökumət rəsmi cavabını verdi. Yazdı ki, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında İlqar Məmmədovun dərhal buraxılması ilə bağlı tələb olmadığına görə hökumətin məhkəmə qərarının icra yollarını seçmək ixtiyarı var. Əlavə də olunub ki, hökumət Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarına uyğun olan gərəkli tədbirləri görəcək”.
Bu məlumatı BBC-yə REAL-ın digər üzvü Rəsul Cəfərov da təsdiqləyib. O vurğulayıb ki, deyilənləri şərh etmək üçün rəsmi cavabı tam əldə etmək lazımdır: “Azərbaycan hökumətinin cavabı haqda məlumatı biz şəxsi kanallarımızla almışıq, cəmi iki-üç cümləlikdir. Məsələnin mahiyyətini, yəni hökumətin atmaq istədiyi addımı anlamaq üçün cavabla yaxından tanış olmaq lazımdır”.
Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsindəki daimi nümayəndəsi Çingiz Əsgərov BBC-yə deyib ki, Azərbaycan hökuməti İlqar Məmmədovla bağlı bütün zəruri tədbirlərin görüldüyü qənaətindədir. O vurğulayıb ki, Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarında onun azadlığa buraxılması məsələsi əksini tapmamışdı: “Bunu yalnız bəzi dairələr belə şərh edirlər və biz bu şərhlə razı deyilik”.
Çingiz Əsgərov bildirib ki, İlqar Məmmədovla bağlı yerli məhkəmə qərarı qüvvəyə minib və işin yenidən məhkəmə instansiyasına qaytarılması imkanı yoxdur. O qeyd edib ki, Azərbaycan hökuməti Avropa Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarından irəli gələn tövsiyyələrə əməl edib, hüququnun pozulmasına görə İlqar Məmmədova təzminat ödəyib: “Şəkidə məhkəmə Avropa Məhkəməsinin qərarında olan məsələləri nəzərdən keçirmiş, araşdırmış və tətbiq etmişdi. Bundan başqa da ümumi xarakterli tədbirlər yerinə yetirilmişdi. Yəni biz Avropa Məhkəməsinin qərarı ilə bağlı bütün zəruri tədbirləri həyata keçirmişik”.
İlqar Məmmədov Respublikaçı Alternativ (REAL) Hərəkatının lideridir. O, 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, Azərbaycana 22 min avro cərimə kəsib.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb. 2016-cı il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb. 2016-cı il noyabrın 18-də Ali Məhkəmə İlqar Məmmədovun həmin qərardan şikayətini təmin etməyib.
2017-ci il sentyabrın 21-də Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycanı Avropa İnsan Hüquqları Məhkəməsinin hökmünün icrası üçün oktyabrın 27-dək tədbir görməyə səsləyən qərar qəbul edib. Oktyabrın 25-də çıxarılan yeni qərarla müddət noyabrın 29-na uzadılıb və Azərbaycana məsələ ilə bağlı mövqeyini həmin günədək bildirmək təklif olunub. Cavabdan asılı olaraq Avropa Şurası Nazirlər Komitəsi dekabrın 5-də İlqar Məmmədovun işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edə bilər.
Noyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti üzrə daha bir qərar qəbul edib, onun ədalətli mühakimə hüququnun pozulduğunu tanıyıb. Qərara görə, İlqar Məmmədova qarşı aparılmış cinayət işində, dəlil-sübutların toplanması və yoxlanmasında, məhkəmə prosesi zamanı müdafiə tərəfinin gətirdiyi dəlillərə hakimlərin sərgilədiyi münasibətdə ciddi çatışmazlıqlar olub.
Avropa İnsan Hüquqları Konvensiyasına görə, Avropa Şurasının Nazirlər Komitəsi ölkənin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını yerinə yetirməkdən boyun qaçırdığını hesab edirsə və məhkəmə bunun pozuntu olduğunu təsdiqləyirsə, onda iş tədbir görülməsi üçün Nazirlər Komitəsinə göndərilir. Tədbirlərdən biri ölkənin Avropa Şurasından çıxarılması ola bilər.
Novator.az bildirir ki, 1949-cu ildə yaradılan Avropa Şurası 47 ölkəni birləşdirir. Qurumun əsas institutları üzv ölkələrin xarici işlər nazirlərindən ibarət Nazirlər Komitəsi; milli parlament üzvlərindən ibarət Parlament Assambleyası və hakimləri üzv ölkələrdən seçilən Avropa İnsan Hüquqları Məhkəməsidir.
Avropa Şurasının insan haqları komissarı müstəqil vəzifəli şəxsdir. Şuranın konstitusiya hüququ üzrə məşvərətçi qurumu olan Venesiya Komissiyası fəaliyyət göstərir. Digər məşvərətçi orqan Yerli və Regional Hakimiyyətlər Konqresidir.
Avropa Şurasına 5 ildən bir Parlament Assambleyasında seçilən baş katib rəhbərlik edir.
Azərbaycan Avropa Şurasına 2001-ci ildə qoşulub.