Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov noyabrın 30-u Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb. Rəsmi məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinə toxunan Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə zidd olaraq Ermənistan qoşunlarının Azərbaycan ərazilərində mövcudluğunun bütün region üçün ciddi təhlükə mənbəyi olduğunu bildirib və münaqişənin həlli istiqamətində aparılan son danışıqlar prosesi barədə danışıb.
APA bildirir ki, Mövlud Çavuşoğlu dünən Bakıya gəlməzdən Ankarada ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endrü Skofer (ABŞ) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə müzakirə aparıb. Nazir “Twitter”də yazıb ki, həmsədrlərlə görüşdə Türkiyənin Minsk qrupuna dəstəyini bir daha qeyd edib.
Mövlud Çavuşoğlu bu gün prezident İlham Əliyevlə də bir araya gəlib.
1988-ci ildə başlayan Qarabağ müharibəsində Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam rayonlarını, eləcə də Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri sülh danışıqları heç bir nəticə vermir.
Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi üçün 1992-ci ildə yaradılan Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.
Novator.az xatırladır ki, hazırda Dağlıq Qarabağ danışıqları Madrid prinsipləri əsasında aparılır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin – Rusiya, Fransa və ABŞ-ın 2007-ci ildə Madriddə irəli sürdüyü prinsiplər Dağlıq Qarabağ ətrafında olan rayonların mərhələlərlə Azərbaycanın nəzarətinə qaytarılmasını; Dağlıq Qarabağa aralıq statusun verilməsini; Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin yaradılmasını; gələcəkdə Dağlıq Qarabağın yekun statusunun referendumla müəyyənləşməsini; bütün məcburi köçkünlərin və qaçqınların öz əvvəlki yaşayış yerlərinə qayıtmaq hüququnu və sülhməramlı əməliyyatlar da daxil olmaqla beynəlxalq təhlükəsizlik təminatını nəzərdə tutur.