Noyabrın 30-u Ali Məhkəmədə gənc fəal Qiyas İbrahimov barəsində çıxarılmış hökmdən şikayətə baxılıb. Hakim İnqilab Nəsirovun sədrlik etdiyi prosesdə şikayət təmin edilməyib, aşağı instansiya məhkəməsinin çıxardığı hökm qüvvədə saxlanıb.
Qiyas İbrahimov 2016-cı il mayın 10-da tutulub. Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu külli miqdarda narkotik vasitə saxlamaqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib. Bu il iyunun 5-də Bakı Apellyasiya Məhkəməsi hökmün qüvvədə saxlanmasına qərar verib.
Müdafiəçiləri Qiyas İbrahimovun və onunla birgə tutularaq eyni ittihamla 10 il müddətinə azadlıqdan məhrum edilən gənc fəal Bayram Məmmədovun həbsini siyasi sifariş sayırlar. Onlar bildirirlər ki, 2016-cı il mayın 10-na keçən gecə Heydər Əliyevin Bakının mərkəzindəki abidəsinə etiraz şüarları yazılıb, gənclər bu şüarlara görə tutulublar.
Həbsdə olduğu vaxt Qiyas İbrahimova Cinayət Məcəlləsinin 289.2-ci maddəsi ilə əlavə cinayət işi də açılıb. Eyni maddə ilə Qiyas İbrahimovun atası Həsən İbrahimova qarşı da cinayət işinə başlanıb.
Cinayət Məcəlləsinin 289-cu maddəsi məhkəməyə hörmətsizlik etmə barədədir. Bu maddə ilə Qiyasa və atasına qarşı cinayət işinin açılmasına iyunun 5-də Bakı Apellyasiya Məhkəməsində baş vermiş hadisə səbəb olub. Həmin gün məhkəmə Qiyas İbrahimovun Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi şikayəti təmin etmədikdə işə baxan hakimlərlə gənc fəal və onun atası arasında insident baş verib.
Bakı Apellyasiya Məhkəməsinin hakimləri məhbusun və onun atasının məhkəmə zalında işlətdiyi ifadələri məhkəməyə hörmətsizlik kimi qiymətləndirərək Ədliyyə Nazirliyinə təqdimat veriblər. Nazirliyin İstintaq İdarəsində Qiyas və Həsən İbrahimovlara cinayət işi başlanıb. Artıq bu iş üzrə ibtidai istintaq yekunlaşıb. Hazırda işə Yasamal Rayon Məhkəməsində baxılır.