Ermənistan paytaxtı Yerevanın Kentron və Nork-Maraş rayonlarına aid məhkəmə noyabrın 28-də Dağlıq Qarabağ separatçılarının sabiq komandanı Samvel Babayanı 6 il müddətinə azadlıqdan məhrum edib. Novator.az-ın məlumatına görə, Samvel Babayan cinayət yolu ilə əldə olunmuş gəliri leqallaşdırmaqda, hərbi sursatın qanunsuz əldə olunması, saxlanması və daşınmasına təhrikdə təqsirli bilinib.
Samvel Babayan bu il martın 22-də tutulub.
Çirkli pulların yuyulmasında adı keçən dörd nəfər məhkəmə qərarı ilə şərti iş alıb, qanunsuz silah epizodu üzrə isə iki nəfər 2 və 3 il müddətinə azadlıqdan məhrum edilib.
1965-ci ildə Xankəndidə doğulmuş Samvel Babayan 1993-1999-cu illərdə Dağlıq Qarabağdakı separatçı hərbi qüvvələrə komandanlıq edib. Azərbaycan torpaqlarında törədilmiş qanlı cinayətlərin əsas iştirakçılarından biridir.
2000-ci ildə o, separatçıların lideri Arkadi Qukasyana sui-qəsd təşkilində günahlandırılaraq 14 illik həbs cəzası alıb, 4 il 6 aydan sonra əfv edilib.