Vəkillik fəaliyyəti dayandırılan Yalçın İmanov həm də 2015-ci ildə Bakının Nardaran qəsəbəsində baş vermiş hadisələrə görə tutulanların vəkili idi.
2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. 5 nəfərin həlak olduğu əməliyyatda və daha sonra “Müsəlman birliyi” adlı hərəkatın rəhbəri Taleh Bağırov başda olmaqla xeyli adam tutulub. Baş Prokurorluq bəyan edib ki, “Müsəlman birliyi” hərəkatı dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmək, şəriət qanunları ilə idarə edilən dini dövlət qurmaq məqsədilə yaradılıb, silahlanıb və hakimiyyət nümayəndələrinə qarşı terror aktları törətməyi də planlaşdırıb. Qarşı tərəf ittihamları rədd edir.
2017-ci il yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, qalan şəxslərdən bir nəfər 19 il, bir nəfər 17 il, on iki nəfər 14 il 6 ay, iki nəfər 10 il müddətinə azadlıqdan məhrum edilib. 10 il həbs cəzası alanlardan biri də AXCP sədrinin müavini Fuad Qəhrəmanlıdır.
Yalçın İmanov bu iş üzrə tutulanlardan Taleh Bağırov, Abbas Hüseynov və Fuad Qəhrəmanlının vəkili olub. 2017-ci il noyabrın 20-də Vəkillər Kollegiyasının Rəyasət Heyəti Yalçın İmanovun kollegiyadan çıxarılması üçün məhkəməyə müraciət edilməsi barədə qərar qəbul edib. Məhkəmə qərar verənə qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Vəkillər Kollegiyası bu qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul edib. Şikayətdə bildirilir ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, Qobustan həbsxanasında saxlanan Abbas Hüseynova işgəncə verilməsi haqda məlumat yaymaqla ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışıb.
Azadliq.org xəbər verir ki, noyabrın 27-də Nardaran hadisələrinə görə tutulan şəxslərin ailə üzvləri Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması məsələsi ilə bağlı mətbuat konfransı keçiriblər.
Mətbuat konfransında məhbus ailələri bəyan ediblər ki, onlar faktiki vəkilsiz qalıblar. Konfransda bildirilib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin Yalçın İmanov haqqında qərarı ədalətsizdir və bu qərar onun müdafiə etdiyi məhbusların ailə üzvlərinin müdafiə hüququnu pozur. Ona görə də məhbus ailələri Yalçın İmanovun pozulmuş hüquqlarının müdafiəsi üçün mümkün olan bütün hüquqi addımları atacaqlarını söyləyiblər.
Məhbus ilahiyyatçı Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə deyib: “Yalçın İmanov bizim məhbus yaxınlarımız üçün təkcə vəkil deyildi, həm də dost, qardaş idi. Ona görə də bizim məhbuslar Yalçın İmanova qarşı haqsızlığa sükutla yanaşmaq niyyətində deyillər. Üstəlik, bu qərar onları müdafiəsiz qoymağa hesablanıb”.
AXCP sədrinin həbsdə olan müavini Fuad Qəhrəmanlının həyat yoldaşı Zümrüd Yağmur bildirib ki, Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılması siyasi qərardır: “Səbəb Yalçın İmanovun Nardaran olayları ilə bağlı həqiqətləri üzə çıxarması, cinayət işindəki saxtakarlıqları ifşa etməsidir. Onu məhz buna görə cəzalandırdılar. Biz bu qanunsuzluğa, ədalətsizliyə biganə qala bilmərik. Atılacaq hüquqi addımlar müzakirə olunacaq, bu haqda ictimaiyyətə ətraflı məlumat verəcəyik”.
Nardaran hadisələri ilə bağlı məhkəmə proseslərinin aktiv iştirakçılarından biri, bu ilin oktyabrında həbs olunan Əhsən Nuruzadənin anası Zeynəb İsmayılzadə də deyib ki, bütün mümkün hüquqi vasitələrlə Vəkillər Kollegiyasının qərarına etirazlarını ifadə edəcəklər. O qeyd edib ki, oğlu iki dəfə inzibati həbs cəzası almış, cinayət işi isə üçüncü dəfədə açılmışdı: “Hər üç hadisə zamanı Yalçın İmanov yanımızda oldu. Ona görə də Yalçın İmanovu təkcə Əhsənin vəkili yox, özümə oğul bilirdim. Əhsən müdafiəsiz qaldığına görə özü də haqqını müdafiə etmək üçün hüquqi addımlar atacaq, mən də öz tərəfimdən etirazımı ifadə edəcəm”.
2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olan Yalçın İmanov aktiv vəkil fəaliyyəti ilə 2011-ci ildən məşğul olurdu.
Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?
Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı
İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”
Milli Şuradan vəkillik çağırışı
Beynəlxalq təşkilat vəkil üçün ədalət istəyir