“Human Rights Watch” beynəlxalq insan haqları təşkilatı azərbaycanlı vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması niyyətinə münasibət bildirib. Azadliq.org-un məlumatına görə, təşkilatın Cənubi Qafqaz üzrə direktoru Georgi Qogiya bu haqda belə yazır: “Hər hansı bir vəkil müştərisinin həbsdə döyüldüyünü iddia edirsə, bunun ən yaxşı halda qurbandan ötrü ədalətin təmin olunması, ən pis halda isə heç bir tədbirin görülməməsi ilə sonuclanmasını gözləyə bilərsiniz. Azərbaycanda isə ən pis nəticə bundan da betərdir. Heç nə dəyişməsə, tanınmış vəkil Yalçın İmanov müştərisinin həbsdə döyülməsini ictimailəşdirdiyinə görə kollegiyadan uzaqlaşdırıla bilər”.
Müəllif Yalçın İmanovun 2007-ci ildən Vəkillər Kollegiyasının üzvü olduğunu, xeyli sayda hökumət tənqidçisinin, eləcə də jurnalist Xədicə İsmayılın, müxalifət fəallarının hüquqlarını müdafiə etdiyini vurğulayır: “Bu il avqustun əvvəlində Qobustan həbsxanasında məhkum Abbas Hüseynovu ziyarət edən vəkil daha sonra mediaya müsahibələrində müştərisinin içəridə dəfələrlə döyüldüyünü, işgəncəyə məruz qaldığını bildirib. Vəkil işgəncə izlərinin Hüseynovun bədənində qaldığını, onun çətinliklə otura və gəzə bildiyini qeyd edib.
Bir ay sonra Qobustan həbsxanasına baş çəkmiş Avropa Şurası rəsmisi buradakı durumu qəbuledilməz adlandırmış, eləcə də hakimiyyəti İmanovun müştərisinə işgəncə verilməsi ilə bağlı məlumatları araşdırmağa çağırmışdı.
Vəkil İmanov Baş Prokurorluğa, Ombudsman Aparatına, məhkəməyə şikayət göndərsə də, hakimiyyət iddiaları əsassız sayaraq araşdırmadan imtina edib.
Elə İmanov şikayətləri verən gün Penitensiar Xidmətin rəis əvəzi olan Oqtay Məmmədov Vəkillər Kollegiyasına şikayət göndərərək vəkilin hüquqlarını müdafiə etdiyi şəxsə istinadən onun işgəncəyə məruz qalması haqda məlumat yaymaqla sabitliyi pozmağa çalışdığını iddia edib. Vəkillər Kollegiyası Rəyasət Heyəti noyabrın 20-də Yalçın İmanovun bu qurumdan xaric olunması ilə bağlı məhkəməyə müraciət qərarı qəbul edib. Məhkəmə qərar verənə qədər İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Şikayət verən qurbanlar daha ağır fəsadlarla üzləşə bilərlər. Martda məhkəmə populyar jurnalist və bloqçu Mehman Hüseynovu polisə böhtan atmaq ittihamı ilə iki illik həbsə məhkum edib. Hüseynov da saxlanarkən məruz qaldığı işgəncəni ictimaiyyətə açıqlamışdı.
Azərbaycan hökumətinin işgəncə iddialarını araşdırmaq, vəkillər və jurnalistlərin qorxusuz, əngəlsiz və təqibsiz işləməsini təmin etmək öhdəliyi var. Hakimiyyət İmanovun kollegiyaya üzvlüyünü bərpa etməli, Mehman Hüseynova ittihamı ləğv edərək onu azadlığa buraxmalı və hər ikisinin hökumətin müdaxiləsi olmadan fəaliyyət göstərməsini təmin etməlidir”.
Novator.az xatırladır ki, bu ilin avqust ayında Penitensiar Xidmətin rəhbərliyi Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət edib. Şikayət ərizəsini xidmətin rəisi məzuniyyətdə olduğu müddətdə onun səlahiyyətlərini icra edən ədliyyə polkovniki Oqtay Məmmədov imzalayıb.
Oqtay Məmmədov iddia edib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, Qobustan həbsxanasında saxlanan Abbas Hüseynova işgəncə verilməsi haqda məlumat yaymaqla ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışıb.
Yalçın İmanov avqust ayında mediaya açıqlamasında bildirib ki, Qobustan həbsxanasının rəisi və əməkdaşları məhbus Abbas Hüseynova ağır işgəncələr veriblər.
Oqtay Məmmədov şikayətində yazıb ki, Yalçın İmanov işgəncə haqda əsassız məlumatlar yayaraq ölkədə dindarlara hakimiyyətin təzyiqlər göstərməsi təsəvvürü, həmçinin Penitensiar Xidmətin fəaliyyəti ilə bağlı mənfi rəy yaratmağa çalışıb: “İmanovun bu hərəkəti Penitensiar Xidmətin minlərlə əməkdaşdan ibarət şəxsi heyətinin əməyinə kölgə salır, işgüzar mühitə, kollektivin ümumi əhval-ruhiyyəsinə çox mənfi təsir göstərir”.
Oqtay Məmmədovun iddiasına görə, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi adamları böhtan yaymağa təhrik edir, daha sonra özü reallığı əks etdirməyən fikirlər səsləndirməklə sabitliyi pozmağa, cəmiyyətin bəzi dairələrində gərginlik yaratmağa çalışır: “Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır”.
Oqtay Məmmədov Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunmasını istəyib: “Yalçın İmanov öz hərəkətləri ilə Vəkillər Kollegiyasının 8 dekabr 2012-ci il konfransında təsdiq olunan, vəkil statusuna malik bütün şəxslərə şamil edilən “Vəkillərin davranış qaydaları haqqında” əsasnamənin əksər müddəalarının tələblərini kobud surətdə pozub, dövlət orqanlarının nüfuzuna hörmətlə yanaşmamaqla yalan olduğunu bilə-bilə Penitensiar Xidməti nüfuzdan salan məlumatlar yayıb”.
Şikayətdən sonra, sentyabr ayında Yalçın İmanov Vəkillər Kollegiyasının İntizam Komissiyasına çağırılıb. O, İntizam Komissiyasına yazdığı izahatında şikayətdə deyilənlərin əsassız olduğunu göstərib.
Mediaya açıqlamasında Yalçın İmanov Abbas Hüseynovun işgəncələrlə bağlı yazılı izahatının olduğunu vurğulayıb: “Məhkum izahatında ona işgəncə verən şəxslərin adlarını da göstərib. Həmin şəxslərin arasında həbsxana rəisi Aftandil Ağayevin, onun müavini Emin Cəfərovun və digər əməkdaşların adları çəkilir”.
Yalçın İmanovun sözlərinə görə, Abbas Hüseynov təkcə ona deyil, digər vəkili Fariz Namazlıya, məsələ ictimailəşəndən sonra məhbusla görüşən Penitensiar Xidmətin şöbə rəisinə, Ombudsman Aparatının əməkdaşlarına, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçilərinə də işgəncələrdən danışıb.
Çarmıxa çəkən kimdir, çarmıxa çəkilən kim?
Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırıldı
İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”
Milli Şuradan vəkillik çağırışı
Məhbus ailələri Yalçın İmanovla bağlı konfrans keçiriblər