“Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir”. Noyabrın 24-ü Belçikanın paytaxtı Brüsseldə, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Sammitində çıxış edən prezident İlham Əliyev belə deyib.
Dövlət başçısı qeyd edib ki, Avropa İttifaqı ilə tərəfdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir: “Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal danışıqlara başladıq. Ümidvaram ki, bu danışıqlar tezliklə başa çatacaq. Bu, ölkələrimiz arasında əməkdaşlığı davam etdirmək üçün imkanlar yaradacaq.
Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır.
Eyni zamanda biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul edib. Bu o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik.
Azərbaycan siyasi və iqtisadi islahatlar siyasətini davam etdirir. Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik.
Eyni zamanda biz iqtisadiyyatımızı dəyişdiririk. Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı həm də bizim müstəqilliyimiz üçün güclü təməldir. İqtisadi cəhətdən müstəqil olanda, sözsüz ki, daha müstəqil xarici siyasət yürütmək olar. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir. 2004-cü ildən ümumi daxili məhsul 3 dəfədən çox artıb. Biz işsizlik səviyyəsini 5 faizə endirməyə nail olmuşuq. Xarici borc ümumi daxili məhsula nisbətdə 20 faizdən də aşağı səviyyədədir”.
İlham Əliyev Azərbaycanın əsas probleminin işğal düyünü olduğunu vurğulayıb: “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin demək olar ki, 20 faizi 20 ildən çoxdur Ermənistanın işğalı altındadır. İşğal nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib və biz etnik təmizləmə siyasətinə məruz qalmışıq. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının bizim ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Onlar Ermənistan tərəfindən yerinə yetirilmir. XXI əsrdə separatizm, təcavüzkar separatizm qəbul edilə bilməz. Separatizmin bütün formaları pislənməlidir və separatizmin bütün təzahürlərinə vahid yanaşma tətbiq edilməlidir. Azərbaycanın ərazi bütövlüyü istənilən digər ölkənin ərazi bütövlüyü kimi eyni dəyərə malikdir və bərpa olunmalıdır”.