Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aktiv məşğulluq tədbirləri və özünüməşğulluq proqramına dair kollegiya iclası keçirilib. Noyabrın 27-də yayılan rəsmi məlumata görə, iclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib ki, 2017-ci ilin 10 ayında məşğulluq orqanlarına iş üçün müraciət edənlərin sayında ötən ilin müvafiq dövrünə nisbətən 46 faiz azalma var: “Bu dövrdə məşğulluq orqanlarının xətti ilə 43746 nəfər şəxsin məşğulluğu təmin olunub, 919 nəfər şəxs ödənişli ictimai işlərə, 76,8 min nəfər peşəyönümü tədbirlərinə cəlb olunub, 3170 nəfər üçün peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib”.
Nazir bildirib ki, məşğulluq orqanlarının fəaliyyətində mühüm bir istiqamət aztəminatlı ailələrin özünüməşğulluğunun təmin edilməsi olub: “Cari ildə 1232 aztəminatlı ailəyə aktivlər verilməklə onların müxtəlif iqtisadi fəaliyyət növləri üzrə təsərrüfatlarını yaratmalarına, gəlirlərini artıraraq yoxsulluqdan sahibkarlığa çıxış imkanı əldə etmələrinə şərait yaradılıb. Gələn il proqrama bundan bir neçə dəfə çox ailəni cəlb edəcəyik”.
Müslümov deyib ki, növbəti ilin əvvəlindən “İşsizlikdən sığorta haqqında” qanunun tətbiqinə başlanacaq: “Bunun nəticəsində İşsizlikdən Sığorta Fonduna 2018-ci ildə toplanması gözlənən 89 milyon manat vəsaitin 35,8 milyon manatının özünüməşğulluq proqramına, 1 milyon 613 min manatının peşə hazırlığı və əlavə təhsilin, 1 milyon 788 min manatının haqqı ödənilən ictimai işlərin, 1 milyon 150 min manatının peşəyönümünə dair məsləhət xidmətlərinin, 120 min manatının isə əmək yarmarkaları və əmək birjalarının təşkilinə yönəldilməsi nəzərdə tutulur”.
İclasda danışan Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli aktiv məşğulluq tədbirlərinin təşkili sahəsində görülən işlər barədə məlumat verib. Bildirilib ki, 10 ayda boş vaxtları ərzində müvəqqəti xarakterli işlərdə çalışıb əlavə qazanc əldə etmək istəyən şəxslərdən 2581 nəfəri mövsümi və müvəqqəti xarakterli işlərlə təmin edilib. Bu dövrdə 76,8 min nəfər gənc peşəyönümü tədbirlərinə cəlb olunub. Məzun və tələbələr üçün “Karyerada ilk addım” devizi altında 9 ali təhsil ocağında təşkil edilən aktiv məşğulluq tədbirlərində 519 müəssisə 2,6 min boş (vakant) iş yeri təqdim edib.