Müsavat Partiyası Şirvan şəhər təşkilatının sədri Əlikram Xurşidov barəsində həbs qətimkan tədbiri seçilib.
Əlikram Xurşidovu noyabrın 22-də Şirvan polisi tutub. İki sutkaya yaxın polis şöbəsində saxlandıqdan sonra ona qarşı xuliqanlıq ittihamı ilə cinayət işi qaldırılıb.
Cinayət işinə Cinayət Məcəlləsinin 221.2.2-ci və 221.3-cü maddələri ilə başlanıb.
Noyabrın 24-də Şirvan Rayon Məhkəməsi Əlikram Xurşidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Noyabrın 25-də Əlikram Xurşidov Şüvəlandakı 3 saylı istintaq təcridxanasına gətirilib.
Müsavat Partiyası Əlikram Xurşidovun həbsini siyasi sifariş sayır. Partiyanın bəyanatında bildirilir ki, Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan insandır və yaşadığı bölgədə böyük hörmət sahibidir.
Partiya Əlikram Xurşidovun həbsini onun ictimai-siyasi fəallığı, sosial şəbəkədə hakimiyyət əleyhinə yazdığı fikirləri və Müsavatın Şirvan təşkilatının toplantılarının təşkilat sədrinin mənzilində keçirilməsi ilə əlaqələndirir.
Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq törədilməsi barədədir. Maddəyə əsasən, bu əməl 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221.3-cü maddə silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq törədilməsi barədədir. Bu əməl 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.