Jurnalistin atasını avtomobillə vurub öldürən şəxs özünü təqsirli bilib
- 27 Noyabr 2017
- comments
- Novator.az
- Posted in AktualManşetXəbər
Nərimanov Rayon Məhkəməsində bir nəfərin ölümü, bir nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) işçisi Seymur Qarayevin cinayət işi üzrə proses davam etdirilib.
İşə hakim Samir Məmmədovun sədrliyi ilə baxılır.
Novator.az xəbər verir ki, əvvəlki məhkəmə iclasları noyabrın 15-də və 24-də olub.
Ayın 27-də keçirilən növbəti prosesdə hadisədən 1 il 4 ay 18 gün sonra dünyasını dəyişmiş Qarabağ müharibəsi veteranı, yazıçı-publisist Əli Əliyevin oğlu, zərərçəkmişin hüquqi varisi, tanınmış jurnalist İmdad Əlizadə vəsatət qaldırıb.
O vəsatətində xatırladıb ki, hadisə 1 il 9 ay 13 gün əvvəl baş verib, bu müddət ərzində təqsirləndirilən Seymur Qarayev azadlıqda olub: “Cinayət işinin materiallarından da göründüyü kimi, onun törətdiyi hadisə insan ölümü ilə nəticələnib. Bundan başqa hadisə zamanı bir nəfər də ağır xəsarət alıb”.
İmdad Əlizadə təqsirləndirilən Seymur Qarayevin barəsində seçilmiş polis nəzarəti qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini, onun məhkəmə zalında həbs olunmasını istəyib.
Hakim bildirib ki, vəsatət növbəti iclasda yazılı şəkildə təqdim edilməlidir.
Məhkəmədə İmdad Əlizadənin istintaq dövründə təqsirləndirilən şəxsə qarşı 166 min manat məbləğində mülki iddia qaldırdığı açıqlanıb. Məlum olub ki, mərhum Əli Əliyevin müalicəsinə 1 saylı Kliniki Tibbi Mərkəzdə (“Semaşko”) 4700, Mərkəzi Klinik Xəstəxanada 67881, “Avrasiya” hospitalında 59050 (mərhumun ailəsinin bu xəstəxanaya əlavə olaraq 11270 manat borcu qalıb), Bakı Sağlamlıq Mərkəzində 5900 manat xərclənib. Bunları təsdiqləyən rəsmi qəbzlər cinayət işinə əlavə edilib. Eyni zamanda dəfn və yas mərasimlərinə 14000 manat civarında pul sərf olunub. Bundan başqa zərərçəkmişin ailəsi mənəvi zərərə görə təqsirləndirilən şəxsdən 15000 manat kompensasiya tələb edir.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda bildirilib ki, Seymur Qarayev 2016-cı ilin fevral ayının 14-də saat 06:50 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “GAC MİNİK” markalı 99-AD-434 qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti ilə “Koroğlu” metro stansiyası istiqamətində hərəkətdə olarkən 70A saylı ünvanı qarşısına düşən hissədə “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəsinin 1-ci hissəsinin – “sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərini pozaraq piyadalar Əliyev Əli Əlqəmə oğlu və Talıbov Əliəskər Məmmədli oğlunun yolu onun hərəkət istiqamətinə nəzərən sağdan sola keçdiklərini gördüyü halda idarə etdiyi nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməyib və həmin avtomobilin qabaq tərəfi ilə piyadaların hər iksini vurub. Nəticədə o, ehtiyatsızlıqdan Əli Əliyevin sağlamlığına ağır kəllə-beyin travması, kəllə əsası sümüklərinin sınığı, baş beyində çoxsaylı lokal qansızma ocaqları, yan mədəcikdə qansızma, burun sümüyünün sınığı, sol baldır sümüklərinin çoxqəlpəli sınıqları, ağciyərlərdə kontuziya ocaqları, sağ VI-VII qabırğalarda öndə sınıq, hər iki döş boşluğunda sərbəst yığıntı kimi həyat üçün təhlükəli və ölümü ilə birbaşa səbəbli əlaqədə olan ağır zərər vurmaqla ölməsinə səbəb olan qəza törədib və bu zaman yol nəqliyyatı qaydalarını pozub.
Digər zərərçəkmiş Əliəskər Talıbovun sağlamlığına qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, burun sümüyünün yerini dəyişən sınığı, 12-ci döş fəqərəsinin kompression sınığı, sağ diz oynağında sümüyün kondiluslardan keçən yerdəyişməyən sınığı, sağ diz oynağında incik sümüyünün başının sınığı, hər iki diz oynağının hematrozu, başın təpə nahiyəsinin, hər iki saidin, sağ əlin 2-ci barmağının sıyrılmış yaraları kimi ağır zərər vurulub.
Elan olunmuş ittiham üzrə Seymur Qarayev özünü təqsirli bildiyini deyib, amma mülki iddianı qəbul etmədiyini bildirib. O, sərbəst ifadəsində hadisə barədə danışıb.
Daha sonra təqsirləndirilən şəxs hakimin, prokurorun, vəkilin və zərərçəkmişin, zərərçəkmişin hüquqi varisinin suallarını cavablandırıb.
Prosesdə zərərçəkmiş Əliəskər Talıbov dindirilib. O da hadisə barədə danışıb və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu söyləyib: “Hadisədən sonra Seymur Qarayev mənə heç bir köməklik göstərmədi. Qəzadan sonra aldığım xəsarətlərə görə işləmirəm. Hazırda sosial vəziyyətim çox acınacaqlı durumdadır. Seymur Qarayev mənə yalnız xəstəxanada olan zaman bir az yardım göstərdi, daha sonra isə heç bir köməklik etmədi. Hətta Seymur Qarayev xəstəxanada mənim MRT müayinə cavablarını özü ilə aparıb və bu günə qədər də qaytarmayıb. Mənə dedi ki, “get rayona, sənə orada yardım göstərəcəm”. Lakin Seymur Qarayev dediyinə əməl etmədi. Hətta ona zəng edəndə dəfələrlə mənə deyib ki, gəlib sənə baş çəkəcəm. Amma bir dəfə də gəlmədi və dediklərinin hamısı yalan çıxdı”.
Zərərçəkmiş Əliəskər Talıbov bildirib ki, təqsirləndirilən Seymur Qarayev istintaqda və məhkəmədə yalan ifadələr verib: “O, bizi gördüyü halda maşının əyləcini basmadı, maşını nə sağa, nə də sol tərəf istiqamətinə çəkdi. Yalnız bizi vurduqdan sonra maşını saxladı. İndi yalandan deyir ki, guya biz qəfildən avtomobilin qarşısına çıxmışıq. Bunlar hamısı yalandır”.
Məhkəmə zərərçəkmişin hüquqi varisi İmdad Əlizadəyə ifadə verməsi üçün söz verib. Lakin o, ifadə verməyə hazır olmadığını, növbəti iclasda danışmaq istədiyini qeyd edib.
Məhkəmənin növbəti iclası dekabrın 8-nə təyin edilib.
Seymur Qarayev nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmada (Cinayət Məcəlləsinin 263.2-ci maddəsi) ittiham edilir.
Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan əməllər 3 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq dövründə Seymur Qarayev barəsində həbs qətimkan tədbiri seçilməyib.
2016-cı ilin fevral ayının 14-də baş vermiş qəzadan sonra Əli Əliyev 7 ay Mərkəzi Klinikada, 8 ay 17 gün isə “Avrasiya” hospitalında müalicə alıb. Daha sonra o, Bakı Sağlamlıq Mərkəzinə köçürülüb. 504 gün komada qalan Əli Əliyev 2017-ci ilin iyul ayının 2-də dünyasını dəyişib.
Altı övlad atası olan Əli Əliyev erməni işğalı nəticəsində doğma yurdundan didərgin düşmüş ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.
Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Əli Əliyev və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film çəkilib. Yazıçı-publisist Əli Əliyev həmçinin “54 gün erməni mühasirəsində” kitabının müəllifidir.