NATO Azərbaycanı təhlükəsizlik sahəsində islahatları daha da artırmağa və korrupsiya ilə mübarizə sahəsində Azərbaycana dəstək olmaq üçün alyansın dürüstlüyün artırılması proqramından tam faydalanmağa çağırır.
Novator.az xəbər verir ki, bu çağırış NATO-nun baş katibi Yens Stoltenberqin noyabrın 23-də Brüsseldə mətbuata verdiyi bəyanatında əksini tapıb.
Noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib. İclasda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Toplantıdan qabaq alyansın mənzil-qərargahında İlham Əliyevlə Yens Stoltenberqin görüşü olub. Görüşdən sonra onlar mətbuata bəyanatla çıxış ediblər.
Yens Stoltenberq deyib ki, NATO ilə Azərbaycan arasındakı tərəfdaşlığın başlanğıcı uzun illər bundan öncəyə təsadüf edir: “Bu tərəfdaşlığın təməli demokratik dəyərlərə və prinsiplərə sadiqlik əsasında qoyulub”.
Baş katib bildirib ki, görüşdə Cənubi Qafqazda regional təhlükəsizlik məsələləri də müzakirə edilib. Yens Stoltenberq qeyd edib ki, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi narahatlığa səbəb olan məsələdir: “Aydındır ki, bu münaqişənin hərbi yolla həll olunması imkanı yoxdur və NATO bu məsələdə birbaşa rola malik deyil”.
Yens Stoltenberq vurğulayıb ki, NATO ATƏT-in Minsk qrupu həmsədrlərinin işini, Azərbaycan və Ermənistan prezidentləri arasında aparılan dialoqu, münaqişənin danışıqlar yolu ilə həllini və vəziyyətin gərginləşməsinə yol verilməməsini dəstəkləyir.
İlham Əliyev qeyd edib ki, Azərbaycan NATO-nun bir çox əməliyyatında iştirak edib, indi isə Qətiyyətli Dəstək Missiyasına öz töhfəsini verir: “Əfqanıstanda təhlükəsizliyi və sülhü təmin etmək üçün 94 hərbi qulluqçumuz NATO hərbçiləri ilə çiyin-çiyinə xidmət edir. Azərbaycan həmçinin koalisiya qüvvələri üçün multimodal tranzit və ərazimiz üzərindən uçuş imkanlarını təmin edir. Azərbaycan Əfqanıstan ordusunun Milli Etimad Fonduna töhfə verib və biz Əfqanistanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağıq”.
Prezident İlham Əliyev vurğulayıb ki, regional təhlükəsizlik üçün ən böyük təhlükə Ermənistan və Azərbaycan arasında həll olunmamış münaqişədir: “Uzun illərdir ki, ərazilərimiz erməni işğalı altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb və əfsuslar olsun ki, vəziyyət dəyişməz olaraq qalır. ATƏT-in Minsk qrupuna üzv olan ölkələrin prezidentlərinin status-kvonun qəbuledilməzliyi və dəyişməli olduğu ilə bağlı bəyanatlarına rəğmən Ermənistan status-kvonu mümkün qədər çox saxlamaq istəyir. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistan iyirmi ildən artıqdır ki, bu qətnamələri icra etmir. Münaqişə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Azərbaycanın ərazi bütövlüyü əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır”.
Azərbaycan prezidenti bildirib ki, görüşdə nəqliyyat təhlükəsizliyi ilə bağlı məsələləri də müzakirə ediblər: “Mən cənab baş katibə məlumat verdim ki, Azərbaycan öz qonşuları ilə birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun inşasını uğurla tamamlayıb. Bu, Asiya və Avropa arasında ən qısa yoldur və Əfqanıstana təchizat bu marşrut vasitəsilə daha asan və səmərəli olacaq.
Bizim NATO ilə əməkdaşlığımızın böyük potensialı var və əməkdaşlığın tarixi bunu nümayiş etdirir. Bu gün mənim NATO-nun mənzil-qərargahına səfərim artıq altıncı səfərdir. Beləliklə, bu, əməkdaşlığımızın çox güclü olduğunu nümayiş etdirir. Biz regionumuzda sülhü, təhlükəsizliyi və sabitliyi təmin etmək üçün tərəfdaşlığımızı davam etdiririk”.