Ekologiya və Təbii Sərvətlər Nazirliyi yeni məlumat yayıb. Qeyd olunur ki, meşələrdən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və nazirliyə çoxsaylı şikayətlərlə bağlı 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb: “Komissiya Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası müəssisələrinin ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırıb və regionlarda reydlər keçirib.
Aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi işinin qeyri-qənaətbəxş təşkil olunduğu və qanunsuz qırıntılara yol verildiyi üzə çıxıb. Hazırda məsələyə hüquqi qiymət verilməsi və təqsirkar cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədlər hüquq mühafizə orqanlarına hazırlanır.
Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə 2-20 noyabr arası magistral avtomobil yollarında reydlər keçirilib. Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində yük yerlərində meşə materialları olan ümumilikdə 15 avtomobil müşahidə edilib. Maşınlarda olan meşə materiallarının Göyçay, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən yeşik hazırlanan sexlərə daşındığı müəyyən edilib. Həmin avtomobillərdə qanunsuz yolla əldə olunmuş, ümumilikdə 97,5 kubmetr həcmində fıstıq, vələs, palıd cinsli yerli meşə materialları aşkar olunaraq sənədləşdirilib.
Meşə materiallarının daşındığı Göyçay, Şəmkir və Tovuz rayonlarındakı yeşik hazırlanan sexlərə baxış keçirilib və 15 sexin fəaliyyət göstərdiyi müəyyən olunub.
Aşkar olunmuş faktlar üzrə təqsirkarlar barəsində aktlar tərtib edilib, qanunvericiliyə uyğun qaydada ziyanlar tətbiq olunub və toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.
Eyni zamanda araşdırmalar zamanı Oğuz və İsmayıllı meşə ərazilərindən qanunsuz yolla əldə olunmuş ağaclardan kömürün hazırlandığı da aşkar edilib. Oğuz rayonu meşə ətrafı Muxas, Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalıncaq, Çəmənli, Mollalı və Calut kəndlərinin 52 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı, qanunsuz yolla əldə edilmiş 217,89 kubmetr həcmində meşə materiallarından istifadə edildiyi və meşə fonduna 4514,6 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktlarla bağlı tərtib olunmuş sənədlər qanuna müvafiq tədbirlərin görülməsi üçün Oğuz Rayon Polis Şöbəsinə göndərilib.
Həmçinin Oğuz rayonu Muxas bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Bununla bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barəsində tədbirlərin görülməsi üçün Oğuz Rayon Prokurorluğuna təqdim edilib.
Operativ tədbirlər nəticəsində qanunsuz yaradılmış kömür quyuları ləğv edilib, ərazi əvvəlki vəziyyətinə gətirilib”.
Reydlər zamanı başqa qanun pozuntuları da aşkara çıxıb.