Demokratik Qüvvələrin Milli Şurası bəyanat qəbul edib. Noyabrın 24-də yayılan bəyanatda deyilir: “Azərbaycan hakimiyyəti ölkədə avtoritar idarəçiliyi möhkəmləndirmək istiqamətində növbəti addımlarını atır. İndi də hədəf cəmiyyəti peşəkar və vicdanlı vəkillərin müdafiəsindən məhrum etməkdir. Hakimiyyət müstəqilliyini qoruyub saxlayan, polis-prokurorluq-məhkəmə üçlüyünün növbətçi vəkilinə çevrilməyən hüquqşünasları cəzalandırmaq prosesinə çoxdan başlayıb. İndiyədək bir sıra tanınmış hüquqşünas məhz hakimiyyətin cızdığı çərçivələrə yerləşmədiyi üçün sifarişlə Vəkillər Kollegiyasından xaric və vəkillik fəaliyyətindən məhrum edilib. Bu proses indi də davam etdirilir. Təəssüf ki, bu işdə rol alan Vəkillər Kollegiyası da siyasi hakimiyyətin eybəcər əlavəsinə çevrilib.
Bu günlərdə ölkənin daha bir tanınmış, savadlı, peşəkarlığı, vəzifəsinə vicdanlı yanaşması və cəsarəti ilə müsbət mənada fərqlənən vəkili Yalçın İmanov da Vəkillər Kollegiyasından xaric edilib və onun vəkillik fəaliyyəti dayandırılıb. Yalçın İmanovu vəkillik hüququndan tamamilə məhrum etmək üçün də məhkəməyə müraciət olunub və Azərbaycan praktikası məhkəmənin hansı qərar çıxaracağını məlum edir.
Hakimiyyət bu mərhələdə Yalçın İmanovla yanaşı daha bir neçə nüfuzlu vəkili öz peşəsindən məhrum etmək niyyətindədir. Fəxrəddin Mehdiyevi, Əsabəli Mustafayevi, Nemət Kərimovu, Aqil Layıcovu və Elçin Sadıqovu da Vəkillər Kollegiyasından uzaqlaşdırmaq istəyirlər. Bu məqsədlə prokurorluq Vəkillər Kollegiyasına artıq rəsmən müraciət göndərib. Yalçın İmanov da daxil olmaqla bu vəkillərin hər biri əsasən siyasi motivlərlə həbs edilmiş şəxslərin hüquqi müdafiəsini çəkinmədən öz üzərinə götürən insanlardır. Bu vəkillər müdafiə etdikləri şəxslərlə bağlı bütün qanunsuz əməlləri, o cümlədən mənəvi-fiziki işgəncə hallarını ictimailəşdirir, xüsusən də siyasi məhbuslara qarşı cinayət işlərinin necə qondarma olduğunu məhkəmə proseslərində və ictimaiyyət üçün çıxışlarında çılpaqlığı ilə ifşa edirlər. Hakimiyyəti narahat edən də məhz bu məsələlərdir və indi həmin vəkilləri peşə fəaliyyətlərindən məhrum etməklə həm onlardan qisas almaq, həm də özünün törətdiyi qanunsuzluqların gizli qalmasını təmin etmək istəyir.
Hadisələrin gedişi göstərir ki, hakimiyyətin məqsədi müstəqilliyini qoruyub saxlayan bütün vəkilləri özünün əlavəsinə çevirdiyi Vəkillər Kollegiyasından çıxarmaq, vəkillik institutunu tamamilə nəzarətə alıb, iflic etməkdir.
Hakimiyyətin ölkə vətəndaşlarını keyfiyyətli və etibarlı hüquqi müdafiə imkanından məhrum etmək istiqamətində atdığı daha bir adım da nümayəndəlik institutuna xitam verməsi oldu. Prezident Administrasiyasının “notariat kontoruna” çevrilmiş Milli Məclis yüz minlərlə insanın lazımi hüquqi yardım imkanını əlindən alan bu mürtəce müddəanı gözüyumulu qəbul etdi və ölkə başçısı da tələm-tələsik onu imzalayıb qüvvəyə mindirdi. Məhkəmə proseslərində müdafiə tərəfin nümayəndə ilə təmsilçiliyini qadağan edən bu addım həm də minlərlə hüquqşünası işsiz qoyur.
Milli Şura ölkədə vəkillik institutunu siyasi hakimiyyətin əlavəsinə çevirmək üçün atılan bu addımları qətiyyətlə pisləyir, müstəqilliyini saxlayan, peşəsinə vicdanla qulluq edən hüquqşünaslara qarşı diskriminasiyanı durdurmağı tələb edir. Hakimiyyət dərk etməlidir ki, ölkəni adambaşına düşən vəkillərin sayına görə sonuncu, siyasi məhbusların sayına görə isə ilk yerlərə çıxarması ilə onsuz da hörmətdən salıb və indi atdığı addımlar dövlətimizin imicinə əlavə zərbədir.
Milli Şura bildirir ki, hakimiyyətin deyilən istiqamətdə gördüyü tədbirlər bütövlükdə cəmiyyətə qarşıdır və ölkə ictimaiyyəti buna layiqli cavabını verməlidir. Milli Şura hədəfə alınan vəkillərin və hüquqşünasların müdafiəsini bütün demokratik vasitələrlə davam etdirəcək. Milli Şura vətəndaş cəmiyyətini hakimiyyətin bu alçaldıcı münasibətinə qarşı səfərbər olmağa çağırır. Milli Şura həmçinin beynəlxalq birliyə çağırış edir ki, Azərbaycan xalqı qarşısında üzərinə götürdüyü öhdəliyə əməl etsin, Azərbaycanda ədalət mühakiməsinin məhv edilməsinə seyrçi qalmasın”.
Milli Şura 2013-cü ildə yaradılıb. Quruma Cəmil Həsənli və Əli Kərimli liderlik edir.