Noyabrın 24-də Qarabağ qazisi, jurnalist Rey Kərimoğlunun “Kod adı: “Rey” kitabının təqdimat mərasimi keçirilib.
Lent.az informasiya agentliyinin çap etdirdiyi kitabda müəllifin 1991-1992-ci illərdə Qarabağda gördükləri xatirələr yer alıb.
APA xəbər verir ki, “Azərkitab” Kitab Təbliğatı Mərkəzində keçirilən təqdimat mərasimində tanınmış yazıçı və ziyalılar, jurnalistlər, Qarabağ qaziləri, millət vəkilləri iştirak ediblər.
Tədbirdə Rey Kərimoğlunun döyüşçü kimi keçdiyi həyat yoluna nəzər salınıb, müəllifin kitabı Qarabağ müharibəsindən bəhs edən qiymətli mənbə kimi dəyərləndirilib.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov qeyd edib ki, indiyədək Qarabağ döyüşləri haqqında çoxsaylı kitablar yazılsa da, Rey Kərimoğlunun müəllifi olduğu nəşr bir sıra xüsusiyyətləri ilə onlardan fərqlənir: ”Biz Rey Kərimoğlunu döyüşçü, kəşfiyyatçı kimi tanımışıq. Amma bununla yanaşı Rey indiyədək ona yaxın mətbuat orqanında çalışıb, bir-birindən maraqlı yazıları ilə oxucularını sevindirib. Kitab xatirələr əsasında yazılıb. Düşünürəm ki, bu kitab Qarabağdan bəhs edən yaxşı bir filmin ssenarisi ola bilər. Çünki Rey Kərimoğlunun kitabında ağrı ilə bərabər böyük vətən sevgisi var”.
Əflatun Amaşov müəllifi Mətbuat Şurasının diplomu ilə təltif edib.
Lent.az informasiya agentliyinin rəhbəri Qabil Abbasoğlu rəhbərik etdiyi media orqanının indiyədək bir neçə maraqlı kitabı oxucuların ixtiyarına verdiyini diqqətə çatdırıb. O əlavə edib ki, Lent.az gələcəkdə məzmun və ictimai əhəmiyyəti etibarilə maraqlı olan digər nəşrləri də oxuculara təqdim edəcək.
Təqdimat mərasimində çıxış edən xalq şairi Sabir Rüstəmxanlı, millət vəkilləri Aqil Abbas, Hadı Rəcəbli, şair Ramiz Rövşən, Qarabağ Qaziləri Birliyinin rəhbəri Etimad Əsədov və başqaları kitab haqqında fikirlərini bildiriblər.
Rey Kərimoğlu kitabın “APA Holding” tərəfindən ona hədiyyə edildiyini diqqətə çatdırıb.
“Qanun” nəşriyyatında çap olunan kitabın redaktoru Səhər Əhməd, korrektoru Əyyar Tahirov, rəssamı ehtiyatda olan polkovnik Tərlan Eyvazovdur.
Rey Kərimoğlu 1967-ci il mayın 9-da Ağdam rayonunun Şıxbabalı kəndində anadan olub. Həmin kənddə orta məktəbi bitirib. 1985-87-ci illərdə Sovet Ordusunda xidmət edib. 1991-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunu, 2001-ci ildə Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutunun hüquq fakültəsini bitirib.
1988-ci ildə ermənilərin Azərbaycana qarşı ərazi iddiaları yenidən baş qaldırandan Rey Kərimoğlu özünümüdafiə dəstələrinə qoşulub, torpaqların keşiyində durub.
Milli Ordu sıralarına könüllü qoşulan Rey Kərimoğlu Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin başçılıq etdiyi hərbi hissənin kəşfiyyat dəstəsində erməni işğalçılarına qarşı döyüşüb.
1992-ci il avqustun 9-da Xankəndi istiqamətində, Noraguh kəndi yaxınlığında növbəti kəşfiyyat əməliyyatı zamanı yaralanıb.
Aldığı yara ilə əlaqədar 1993-cü il fevralın 26-da ordudan tərxis olunub. 2-ci qrup Qarabağ əlilidir.
1995-ci ildən dövri mətbuatda çalışan Rey Kərimoğlu “Zaman”, “Əlillər”, “Şərq”, “Vətəndaş Həmrəyliyi”, “Bizim yol”, “Milli yol”, “Yeni Müsavat” qəzetlərində müxtəlif vəzifələrdə işləyib.
Rey Kərimoğlu hazırda Beynəlxalq Avrasiya Mətbuat Fondunda çalışır. Qaziler.az saytının baş redaktoru, “Qarabağ Qaziləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəridir.