Brüsselə səfər edən prezident İlham Əliyev noyabrın 23-də NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.
AZƏRTAC-ın məlumatına görə, dövlət başçısı iclasda çıxış edərkən bildirib ki, Azərbaycanla NATO arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlıq həyata keçirilir.
Ölkəmizin NATO-nun müxtəlif missiya və əməliyyatlarında fəal iştirak etdiyini vurğulayan prezident İlham Əliyev NATO-nun öz növbəsində Azərbaycanda ərazilərin minalardan təmizlənməsi işində fəal iştirak etdiyini söyləyib. O deyib ki, Azərbaycan Əfqanıstandakı sülhməramlı fəaliyyətini genişləndirir və bu ölkə ilə ikitərəfli səviyyədə iqtisadi və digər sahələrdə əməkdaşlığı həyata keçirir.
Prezident İlham Əliyev Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunub, əməkdaşlığın uğurla inkişaf etdiyini və onun müxtəlif sahələri əhatə etdiyini bildirib.
Dövlət başçısı deyib ki, Azərbaycanda azad internet, söz, toplaşma və digər azadlıqlar təmin edilib. İlham Əliyevin sözlərinə görə, 2000-ci ildən bəri Azərbaycan iqtisadiyyatı 3 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə, həmçinin işsizlik səviyyəsi 5 faizə düşüb, ölkənin xarici borcu ümumi daxili məhsula nisbətən 20 faizdən də aşağı səviyyədədir.
Prezident İlham Əliyev Azərbaycanın dünyada multikulturalizm mərkəzlərindən birinə çevrildiyini, ölkədə multikulturalizmin, tolerantlığın təmin olunduğunu və bununla bağlı bir sıra mühüm tədbirlərin keçirildiyini bildirib.
Çıxışında dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan da söz açıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunarkən İlham Əliyev qeyd edib ki, Ermənistan Azərbaycanın 20 faiz torpaqlarını, o cümlədən Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib. Ermənilərin həmin ərazilərdə törətdikləri hərbi cinayətlər, Xocalı soyqırımı, günahsız insanların qətlə yetirilməsi və etnik təmizləməyə məruz qalması barədə məlumat verən dövlət başçısı ATƏT-in faktaraşdırıcı missiyalarının da işğal olunmuş ərazilərdə dağıntıları qeydə aldıqlarını bildirib.
Prezident İlham Əliyev vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən 4 qətnaməsi icra edilmir və Ermənistan status-kvonu saxlamaq niyyətindədir. NATO-nun Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən İlham Əliyev xatırladıb ki, Avropa İttifaqının müvafiq sənədlərində də Azərbaycanın ərazi bütövlüyü dəstəklənir.
Sonda Azərbaycan prezidenti NATO-dakı səfirlərin suallarını cavablandırıb.