Noyabrın 23-də Milli Məclis 2018-ci ilin büdcə müzakirələrinin ilkin raundunu başa vurub. Novator.az-ın məlumatına görə, deputatların büdcə zərfi ilə bağlı təkliflərinə baxmaq üçün hökumətə dekabrın 1-dək vaxt verilib.
Dövlət büdcəsi layihəsində gəlirlər 20 milyard 127 milyon manat, xərclər 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır.
Büdcə zərfinə Dövlət Sosial Müdafiə Fondunun, işsizlikdən sığorta fondunun 2018-ci il büdcələri, 2018-ci il üçün yaşayış minimumu, ehtiyac meyarının həddi, Milli Məclisin və Hesablama Palatasının xərclər smetası haqqında qanun layihələri də daxildir.
Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3 milyard 578,8 milyon manatdır.
2018-ci il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilir.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2018-ci il üçün ehtiyac meyarının həddi 116 manat məbləğində təsdiqlənir.
İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi 89 milyon 40 min manatdır.
Milli Məclis üçün 24,2 milyon manat, Hesablama Palatası üçün 3,8 milyon manat vəsait nəzərdə tutulur.