“Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması qaydası”nda dəyişikliklər edilib. Novator.az-ın məlumatına görə, prezident İlham Əliyevin fərmanı ilə qaydaya inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllinə dair xəritənin hazırlanmasının xüsusiyyətləri əlavə olunub.
Yeniliyə əsasən, mübahisə ilə bağlı xəritə tapşırıq verildiyi gündən 15 gün müddətində hazırlanaraq prezidentə təqdim edilməlidir. Tapşırıq daxil olduğu gündən 2 iş günü müddətində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) koordinatlarının müəyyən edilməsi, çöl tədqiqat və mərzçəkmə işlərinin yerinə yetirilməsi məqsədi ilə ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin sərhədlərinin yerində müəyyən edilməsi və razılaşdırılması işlərinin başlanma vaxtı barədə həmin ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin yerləşdiyi rayon və ya şəhər icra hakimiyyəti orqanına bildiriş göndərir.
Mübahisə ilə bağlı xəritənin hazırlanması işi ƏMDK-nın ərazi vahidinin, inzibati ərazi dairəsinin və sahə inzibati ərazi dairəsinin yerləşdiyi ərazi bölməsi nümayəndəsinin, xəritəsi hazırlanmalı inzibati ərazi dairəsi (şəhər, qəsəbə, kənd ərazi vahidinə münasibətdə – onun daxil olduğu inzibati ərazi dairəsi) və ya sahə inzibati ərazi dairəsi üzrə, eləcə də onun həmsərhəd olduğu digər inzibati ərazi dairəsi və (və ya) sahə inzibati ərazi dairəsi üzrə müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçısının nümayəndəsinin iştirakı ilə həyata keçirilir.
Mübahisə ilə bağlı xəritədə mübahisələndirilən ərazi hissəsinin sərhədləri ayrıca göstərilir. Kağız üzərində hazırlanmış mübahisə ilə bağlı xəritə nümayəndələr, həmçinin müvafiq rayon, şəhər və ya şəhər rayonu icra hakimiyyəti başçıları və tapşırıqda göstərilən digər şəxslərlə razılaşdırılır, imzalanır və möhürlə təsdiq edilir.
Ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin, habelə mübahisə ilə bağlı xəritələrin hazırlanması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.