Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun məqaləsi yayılıb. Noyabrın 22-də qeyd olunan ədliyyə işçilərinin peşə bayramı gününə həsr edilən məqalədə bildirilir ki, ötən bir ildə 1300-ə yaxın normativ hüquqi sənəd layihəsi hazırlanıb, 2600-dən çox layihə hüquqi ekspertizadan keçirilib, E-qanun.az və Huquqiaktlar.gov.az elektron reyestrlərinə 5100 sənəd daxil edilib.
Novator.az-ın məlumatına görə, nazir yazır ki, notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayı 3,7 milyondan artıq olub, qeydiyyat orqanlarında 337 mindən artıq vətəndaşlıq vəziyyəti aktı rəsmiləşdirilib, doğumun sayı 150 min, nikahın sayı 65 min təşkil edib.
Fikrət Məmmədov qeyri-kommersiya təşkilatlarının ümumi sayının 4100-ü ötdüyünü, KİV-lərin sayının 5200-ə çatdığını vurğulayır.
Nazirin sözlərinə görə, ötən bir ildə icra işlərinin sayı 30% artaraq 800 mini ötüb, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən və icradan yayınan 4000 nəfər inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2700 nəfər inzibati qaydada həbs edilib, 337 nəfər barəsində cinayət işi başlanıb.
Məqalədə qeyd olunur ki, 67 mindən çox bələdiyyə aktı yoxlanıb, aşkar edilmiş cinayət xarakterli pozuntularla bağlı 23 fakt üzrə materiallar prokurorluğa göndərilib.
Məhkəmə-hüquq sisteminə toxunan Fikrət Məmmədov yazır ki, birinci instansiya və apellyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilib, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib.