Vəkil Yalçın İmanovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması prosesinə start verilib. Noyabrın 20-də Rəyasət Heyətinin iclasında çıxarılan qərara əsasən, Yalçın İmanovun Vəkillər Kollegiyasından xaric olunması üçün məhkəməyə müraciət olunacaq. Məhkəmə qərar verənə qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Novator.az xatırladır ki, bu ilin avqust ayında Penitensiar Xidmətin rəhbərliyi Yalçın İmanovdan Vəkillər Kollegiyasına şikayət edib. Şikayət ərizəsini xidmətin rəisi məzuniyyətdə olduğu müddətdə onun səlahiyyətlərini icra edən ədliyyə polkovniki Oqtay Məmmədov imzalayıb.
Oqtay Məmmədov iddia edib ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, Qobustan həbsxanasında saxlanan Abbas Hüseynova işgəncə verilməsi haqda məlumat yaymaqla ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışıb.
Yalçın İmanov avqust ayında mediaya açıqlamasında bildirib ki, Qobustan həbsxanasının rəisi və əməkdaşları məhbus Abbas Hüseynova ağır işgəncələr veriblər.
Oqtay Məmmədov şikayətində yazıb ki, Yalçın İmanov işgəncə haqda əsassız məlumatlar yayaraq ölkədə dindarlara hakimiyyətin təzyiqlər göstərməsi təsəvvürü, həmçinin Penitensiar Xidmətin fəaliyyəti ilə bağlı mənfi rəy yaratmağa çalışıb: “İmanovun bu hərəkəti Penitensiar Xidmətin minlərlə əməkdaşdan ibarət şəxsi heyətinin əməyinə kölgə salır, işgüzar mühitə, kollektivin ümumi əhval-ruhiyyəsinə çox mənfi təsir göstərir”.
Oqtay Məmmədovun iddiasına görə, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi adamları böhtan yaymağa təhrik edir, daha sonra özü reallığı əks etdirməyən fikirlər səsləndirməklə sabitliyi pozmağa, cəmiyyətin bəzi dairələrində gərginlik yaratmağa çalışır: “Bütün bunlar ölkədə aparılan islahatlara və iqtisadi tərəqqiyə qibtə ilə yanaşan, dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə və nüfuzuna kölgə salmağa çalışan, ölkə daxilində və onun hüdudlarından kənarda olan bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaradır”.
Şikayət ərizəsində göstərilib ki, Yalçın İmanov avqustun 8-də məhbuslar Taleh Bağırov və Abbas Hüseynovla görüşdən sonra onların işgəncələrə məruz qalması kimi məlumatlar yayıb, nəticədə bu, avqustun 9-da Penitensiar Xidmətin binası qarşısında qanunsuz aksiya keçirilməsi cəhdinə səbəb olub.
Oqtay Məmmədov Yalçın İmanovun intizam məsuliyyətinə cəlb olunmasını istəyib: “Yalçın İmanov öz hərəkətləri ilə Vəkillər Kollegiyasının 8 dekabr 2012-ci il konfransında təsdiq olunan, vəkil statusuna malik bütün şəxslərə şamil edilən “Vəkillərin davranış qaydaları haqqında” əsasnamənin əksər müddəalarının tələblərini kobud surətdə pozub, dövlət orqanlarının nüfuzuna hörmətlə yanaşmamaqla yalan olduğunu bilə-bilə Penitensiar Xidməti nüfuzdan salan məlumatlar yayıb”.
Şikayətdən sonra, sentyabr ayında Yalçın İmanov Vəkillər Kollegiyasının İntizam Komissiyasına çağırılıb. O, İntizam Komissiyasına yazdığı izahatında şikayətdə deyilənlərin əsassız olduğunu göstərib.
Mediaya açıqlamasında Yalçın İmanov Abbas Hüseynovun işgəncələrlə bağlı yazılı izahatının olduğunu vurğulayıb: “Məhkum izahatında ona işgəncə verən şəxslərin adlarını da göstərib. Həmin şəxslərin arasında həbsxana rəisi Aftandil Ağayevin, onun müavini Emin Cəfərovun və digər əməkdaşların adları çəkilir”.
Yalçın İmanovun sözlərinə görə, Abbas Hüseynov təkcə ona deyil, digər vəkili Fariz Namazlıya, məsələ ictimailəşəndən sonra məhbusla görüşən Penitensiar Xidmətin şöbə rəisinə, Ombudsman Aparatının əməkdaşlarına, Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçilərinə də işgəncələrdən danışıb.
Vəkil qeyd edib ki, o, Qobustan həbsxanasında Taleh Bağırova işgəncə verildiyini heç yerdə deməyib.
Yalçın İmanov “ölkədə sabitliyi pozmaq, gərginlik, bəzi qüvvələrin fəallaşmasına münbit şərait yaratmaq” cəhdləri haqda ünvanına səslənən ittihamları qeyri-ciddi sayıb.
İradə Cavadova: “Yalçın İmanovun məsələsində töhmətə də yer yoxdur”