Vəkillər Kollegiyası Rəyasət Heyətinin noyabrın 20-də keçirilən iclasında vəkil Yalçın İmanovla bağlı qərar qəbul edilərkən kollegiya üzvlərindən yalnız İradə Cavadova qərarın əleyhinə səs verib.
Xatırladaq ki, qərar Yalçın İmanovun Vəkillər Kollegiyasından çıxarılması üçün məhkəməyə müraciət edilməsindən ibarətdir. Məhkəmə qərar verənə qədər Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.
Vəkillər Kollegiyası bu qərarı Penitensiar Xidmət rəhbərliyinin şikayəti əsasında qəbul edib. Şikayətdə bildirilir ki, Yalçın İmanov hüquqlarını müdafiə etdiyi, Qobustan həbsxanasında saxlanan Abbas Hüseynova işgəncə verilməsi haqda məlumat yaymaqla ölkədə sabitliyi pozmağa, gərginlik yaratmağa çalışıb.
Meydan.tv-yə açıqlamasında İradə Cavadova Yalçın İmanovun kollegiyadan çıxarılmasının əleyhinə səs verməsini belə izah edib: “Birincisi, mən Yalçın İmanovun kollegiyadan çıxarılacağını yox, ona töhmət veriləcəyini gözləyirdim. Hətta töhmətə də razı deyildim. Məsələ ondadır ki, Yalçın İmanovun heç bir qəbahəti olmamışdı və o, vəkilə yaraşan hərəkətlər etmişdi. İmanov müdafiə etdiyi şəxslə görüşüb və o, vəkilinə döyüldüyünü deyib. Vəkil də görüş zamanı məhbusun görünüşündən durumun yaxşı olmadığını görüb. Belə olanda vəkil nə etməlidir? Hökmən müdafiə xarakterli tədbirlər görməlidir, vəkil susa bilməz. Vəkil müdafiə etdiyi şəxsin döyüldüyünü onun dilindən eşidibsə, bu barədə danışmalıdır. Yalçın İmanov da müdafiə etdiyi şəxsin adından bu barədə mətbuata danışıb, həm də müdafiə xarakterli tədbirlər sırasında müvafiq orqanlara şikayətlərini göndərib. Buna görə vəkilə təşəkkür etmək lazımdır, çünki başqa cür ola bilməz.
Əgər Yalçın İmanov bu işi yerinə yetirməsəydi və həmin şəxs ondan şikayət etsəydi ki, işgəncəyə məruz qala-qala vəkili müdafiə xarakterli addım atmayıb, o zaman İmanovun kollegiyadan xaric olunması məsələsi qoyulmalıydı. Ona görə ki, vəkil müdafiə etdiyi şəxsin etimadını doğrultmalıdır. Çox təəssüf edirəm ki, kollegiyada Penitensiar Xidmət rəsmisinin yazdığı şikayət ərizəsi araşdırılmadan qərar qəbul olundu. Yalçın İmanov Qobustan həbsxanasında saxlanan Abbas Hüseynovla görüşdən çıxan kimi müvafiq orqanlara şikayətlərini göndərib. Mən bu barədə Rəyasət Heyətində fikirlərimi ifadə etdim, amma qərar səs çoxluğu ilə qəbul edilir”.
İradə Cavadova vurğulayıb ki, o, barəsində şikayət olunan vəkilə tövsiyə, töhmət verilməsinə daha çox tərəfdardır.
Açıqlamasında İradə Cavadova qeyd edib ki, Vəkillər Kollegiyası Rəyasət Heyətinin 20 noyabr iclasında başqa iki vəkilin də məsələsi müzakirə olunub. Həmin vəkillər arasında məhkəmədə dava düşübmüş. Onlar bir-birilərini təhqir edibmişlər, hətta biri o birinin üzünə kitab çırpıbmış. Rəyasət Heyətinin qərarına əsasən, həmin vəkillərə töhmət verilib. İradə Cavadovanın sözlərinə görə, o, həmkarının üzünə kitab çırpan vəkilin kollegiyadan çıxarılmasına israr edib: “Çünki vəkil həmkarını müştərisinin yanında o cür təhqir edə bilməz. Bu, biabırçılıqdır. Kollegiya vəkillərin müdafiəsində dayanmalıdır, həm başqa rəsmi strukturlar vəkilə basqı edəndə, həm də vəkilin vəkilə qarşı hörmətsizliyi olanda”.
Yalçın İmanovu vicdanlı, peşəkar, savadlı, müdafiə işini layiqincə aparan, prinsipial xarakterə malik vəkil kimi tanıdığını söyləyən İradə Cavadova bildirib ki, Rəyasət Heyətinin onunla bağlı qərarına təəssüf edir, bu qərarı çox haqsız sayır. İradə Cavadovanın fikrincə, Yalçın İmanovun məsələsində heç töhmətə də yer yoxdur.