Noyabrın 21-də Milli Məclis 2018-ci ilin dövlət büdcəsi layihəsini müzakirəyə çıxarıb. Baş nazir Artur Rasizadə və hökumət üzvlərinin də iştirak etdiyi iclasda həmçinin “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında”, “2018-ci il üçün yaşayış minimumu haqqında”, “2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri, Milli Məclisin və Hesablama Palatasının xərclər smetaları nəzərdən keçirilir.
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, 2018-ci il üçün büdcə layihəsi ölkənin sosial-iqtisadi durumu və müasir dövrün çağırışları nəzərə alınmaqla tərtib olunub: “Təqdim edilmiş büdcə zərfinin sənədləri göstərir ki, növbəti il üçün də real iqtisadi artım proqnozlaşdırılır. Gələn il üçün dövlət büdcəsinin gəlirləri 2017-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 3,3 milyard manat, xərcləri isə 3 milyard manat çox olacaq. Bütün bunlar iqtisadiyyata investisiya qoyuluşunun daha da artırılmasına, kənd təsərrüfatının stimullaşdırılmasına, milli təhlükəsizliyin və müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan yaradacaq”.
AZƏRTAC-ın məlumatına görə, dövlət büdcəsi layihəsini deputatlara təqdim edən maliyyə naziri Samir Şərifov deyib ki, ötən ilin eyni dövrü ilə müqayisədə ölkə iqtisadiyyatında geriləmənin sürəti 3,9 faiz bənddən 0,6 faiz bəndə qədər azalıb: “Məqsədyönlü siyasət nəticəsində ölkədə qeyri-neft sektoru üzrə 2,5 faizlik real artıma nail olunub. Ticarət və tədiyyə balansı üzrə müsbət saldoya doğru meyllər güclənib. Ticarət dövriyyəsində 4,4 milyard dollar müsbət saldo əldə edilib. O cümlədən dövlətin qeyri-neft sektorunun inkişafına artan maliyyə dəstəyi və qeyri-neft ixracının stimullaşdırılması, valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, ölkəyə valyuta axınının artması, digər fiskal və monetar tədbirlərin həyata keçirilməsi hesabına 2017-ci ilin əvvəlinə nisbətən 9 ayda icmal büdcənin kəsiri 12 faiz bənd azalıb”.
Samir Şərifov 2018-ci ilin dövlət büdcəsi hazırlanarkən ölkənin müdafiə qabiliyyətinin daha da yüksəldilməsi, kənd təsərrüfatı sahəsinin inkişafı, məşğulluğun artırılması və sosial yönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını qeyd edib.
Nazir əlavə edib ki, 2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 milyard manat həcmində proqnozlaşdırılır: “Dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 milyard manatı Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 9,216 milyard manatı Dövlət Neft Fondundan transfertin, 2,43 milyard manatı Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 milyon manatı digər gəlirlərin payına düşür”.
Samir Şərifovun sözlərinə görə, 2018-ci ilin dövlət büdcəsində neftin baza qiyməti 1 barrel üçün 45 dollar səviyyəsində götürüləcək. Bu, 2017-ci ildəki analoji baza qiymətindən 5 dollar çoxdur.
2018-ci ilin dövlət büdcəsində xərclər 20,906 milyard manat həcmində proqnozlaşdırılır.